Bu ilin I rübündə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 0,5% artaraq 45 264 milyon ABŞ dollarına çatıb.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, rüb ərzində qlobal makro-iqtisadi və geo-siyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirib. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər eləcə də, post pandemiya və geo-siyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırki qeyri - ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olub ki, bu da ARDNF – in investisiya portfelinə təsirsiz ötüşməyib.
Bununla yanaşı, yüksələn enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artım ilə nəticələnib ki, bu da öz növbəsində aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olub.
2022-ci ilin yanvar-mart aylarında ARDNF-nin büdcə gəlirləri 2 955,9 milyon manat, büdcə xərcləri isə 2 764,5 milyon manat təşkil edib.
Hesabat dövründə Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 4 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 845,6 milyon manat, bonus ödənişlərindən 765,3 milyon manat, tranzitdən isə 5,8 milyon manat gəlir əldə edib, ölkənin payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45% icra edilib.
Bundan başqa, rüb ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 660,8 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir isə 214,3 milyon manat təşkil edib.
3 ay ərzində ARDNF 2022-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 757 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 milyon manat, idarəetməyə isə 5,3 milyon manat yönəldib.