2022-ci ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında satılmış 595,9 milyon ABŞ dolları vəsaitin cəmi 92,4 milyon ABŞ dolları Dövlət Neft Fonduna (ARDNF) məxsus olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib.
"2022-ci ildə dövlət büdcəsinə proqnozda nəzərdə tutulandan daha çox vəsaitin daxil olması səbəbindən ARDNF-dən dövlət büdcəsinə transfert azalıb və bu nəticə etibarilə Fondun manat alışı məqsədilə həyata keçirdiyi valyuta satışına təsir göstərib", - deyə qurum bəyan edib.
Başqa sözlə, AMB uzun fasilədən sonra ilk dəfə ötən ay valyuta ehtiyatlarının bir hissəsini (503,5 milyon ABŞ dolları) hərraca çıxarmalı olub. Bununla belə, ay ərzində qurumun valyuta ehtiyatları 1 026,5 milyon ABŞ dolları və yaxud 12,9 % artaraq 7 969,2 milyon ABŞ dollarından 8 995,7 milyon ABŞ dollarına çatıb.