Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC (YTP) 2021-ci ili 47 min manat mənfəətlə başa vurub.
“Report” xəbər verir ki, ötən il YTP-nin gəlirləri 707 min manat, xərcləri isə 660 min manat təşkil edib.
Park mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə YTP-nin aktivləri 2,547 milyon manat olub ki, bu da illik müqayisədə 26,3% çoxdur. Hesabat dövründə Parkın öhdəlikləri 2,7 dəfə artaraq 793 min manata, balans kapitalı isə 2,2% artaraq 1,754 milyon manata çatıb.
Xatırladaq ki, YTP ölkə prezidentinin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 35 min manatdır. Park yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir, elmtutumlu fəaliyyəti dəstəkləyərək, rezidentlərinə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir.