AIIB Bakı metrosunun genişləndirilməsi üzrə krediti təsdiqləyib

Maliyyə
  • 10 fevral, 2026
  • 16:34
AIIB Bakı metrosunun genişləndirilməsi üzrə krediti təsdiqləyib

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) "Bakı Metropoliteni" QSC-nin genişləndirilməsi üzrə 180 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib.

"Report" AIIB-yə istinadən xəbər verir ki, maliyyələşdirmə daşımaların etibarlılığının, metroya texniki xidmətin səmərəliliyinin və istismar təhlükəsizliyinin artırılmasına, həmçinin şəbəkənin gələcək genişləndirilməsi üçün şəraitin yaradılmasına yönəlib.

Layihə "Dərnəgül" və "Xocəsən" depolarının tikintisi və təchizatını, "Yaşıl xətt"in fəaliyyətdə olan 10 stansiyasının modernləşdirilməsini, habelə məsləhət dəstəyinin göstərilməsini nəzərdə tutur. Söhbət xüsusilə layihə sənədlərinin hazırlanmasından, tikintiyə nəzarətdən, ekoloji və sosial təsirin qiymətləndirilməsindən, həmçinin layihənin icrasının müşayiət olunmasından gedir.

Bankdan qeyd edilib ki, "Dərnəgül" və "Xocəsən" depoları bütün metro şəbəkəsinin dayanıqlılığını və buraxılış qabiliyyətini artırmaq üçün əsas əməliyyat bazasına çevriləcək. Yeni infrastruktur hərəkət heyətinin dayanacağı və ona xidmət göstərilməsi üçün zəruri gücü təmin edəcək, eləcə də "Qırmızı" və "Yaşıl" xətləri "28 May" stansiyasında ayırmağa imkan verəcək. Bu isə cari daşımaların etibarlılığını artıracaq və gələcək genişləndirmə mərhələləri üçün əsas yaradacaq.

Bundan əlavə, layihə "Yaşıl xətt"in gələcək inkişafı və hərəkət heyətinin yenilənməsi zamanı istifadə olunacaq müasir texniki, ekoloji və maliyyə standartlarının tətbiqinə yönəlib. Sözügedən tədbirlər metronun "Bənövşəyi" xəttinin planlaşdırılan genişləndirilməsini tamamlayacaq.

Bankdan bildirilib ki, layihənin reallaşdırılması aşağı karbonlu ictimai nəqliyyatın inkişafı, şəhərin nəqliyyat sıxlığının azaldılması, həmçinin "Bakı Metropoliteni"nin enerji səmərəliliyinin və təhlükəsizlik səviyyəsinin artırılması hesabına əhəmiyyətli ekoloji effektlər təmin edəcək.