Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.
Bu barədə “Report “ADB-nin bu gün açıqlanan "Asiyanın İnkişaf Perspektivləri" (ADO) hesabatının sentyabr sayına istinadən xəbər verir.
Əvvəlki aprel hesabatında inflyasiya gözləntiləri müvafiq olaraq 5,5 % və 6,5 % səviyyəsində idi.
ADB hesab edir ki, davam edən sərt pul-kredit siyasətinin təsirləri inflyasiyanın azalmasına kömək edib.
“Qlobal əmtəə qiymətlərinin artımının yavaşlaması və Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın azalması, yüksək faiz dərəcələri ilə birlikdə orta illik inflyasiya səviyyəsini 2023-cü ilin birinci yarısındakı 12,7 %-dən bir il sonra 0,7 %-ə endirdi.
Ərzaq qiymətləri 0,6 % azalıb, lakin digər mallarda 1,2 %, xidmətlərdə isə 2,4 % artıb", - hesabatda qeyd olunub.
İnflyasiyanın azalması ilə Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından iyul ayına qədər dörd mərhələdə əsas faiz dərəcəsini 7,75 %-dən 7,25 %-ə endirib.
Hesabat müəlliflərinin qeyd etdiyi kimi, iyun ayının sonundan yanacağın inzibati qiymətlərinin artırılmasının 2024-cü ilin ikinci yarısında inflyasiyanın artmasına səbəb olacağı gözlənilsə də, ilin birinci yarısında çox aşağı inflyasiyanı nəzərə alaraq illik inflyasiya səviyyəsinin əvvəllər proqnozlaşdırılandan aşağı olacağı gözlənilir. Müvafiq olaraq, ADO-nun aprel sayına nisbətən 2024-cü və 2025-ci illər üçün inflyasiya proqnozları aşağı salınıb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.
Hökumətin proqnozlarına görə, Azərbaycanda inflyasiya 2024-cü ildə 2,7 %, 2025-ci ildə isə 4,6 % təşkil edir.