Bakı. 1 fevral. REPORT.AZ/ Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) 2016-cı ildə apardığı maliyyə nəzarəti tədbirlərinin nəticələri açıqlanıb.
Bu barədə “Report” nazirliyə istinadən xəbər verir.
Məlumata görə, ötən il DMNX-nin mərkəzi aparatı tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 5 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 6 təhsil, 2 tibb, 1 meliorasiya və su təsərrüfatı, 2 nəqliyyat və 2 kommunal müəssisəsinə, 1 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayon yerli gəlir və xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Mərkəzi aparat və regional maliyyə müfəttişlikləri dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunmuş 9168,94 min manat vəsaitin təqsirkar şəxslər tərəfindən büdcəyə bərpasını təmin edib, Salyan Rayon İcra Hakimiyyəti başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Təhsil Nazirliyinin Ağcabədi Rayon Təhsil Şöbəsi, Tərtər Rayon Təhsil Şöbəsi və Zərdab Rayon Təhsil Şöbəsi, 1 nömrəli Gəncə Peşə Məktəbi, Mədəniyyət və Turizm Nazirliyinin İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsi üzrə aparılmış yoxlamalarla aşkar edilmiş nöqsanların ciddiliyini nəzərə alaraq həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materiallarını Baş Prokurorluğa, 1 nəzarət obyekti üzrə yoxlama materiallarını isə Dövlət Təhlükəsizliyi Xidmətinə göndərib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılmış ştat vahidləri ləğv edilmiş, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.
Bununla yanaşı, mütəxəssislər Baş Prokurorluğun məktublarına əsasən 38 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan sualları yoxlayıb və 227 726,09 min manat məbləğində mənimsəmə hallarını aşkar edərək yoxlama materiallarını müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndəriblər.
Hesabat dövründə, habelə Daxili İşlər Nazirliyinin (DİN) məktubuna əsasən Fövqəladə Hallar Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə birgə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə əvvəllər başlanmış nəzarət tədbirləri davam etdirilib, hal-hazıra kimi 63 hüquqi və 156 fiziki şəxsə kreditlərin verilməsi üzrə, həmçinin 69 qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarına dair nəzarət tədbirləri başa çatdırılaraq yoxlama materialları hüquqi qiymət verilməsi üçün DİN-ə göndərilib.
Bununla yanaşı, əvvəlki dövrlərdə büdcə təşkilatlarındakı yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 51,02 min manatının hesabat dövründə dövlət büdcəsinə bərpası təmin edilib.
2016-cı ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 921 vəzifəli şəxsə 616,1 min manat məbləğində cərimələr tətbiq edilmiş və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.