"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Vəkillər Kollegiyası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
"Report" ABA-ya istinadən xəbər verir ki, sənədi qurumun Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıb.
Z.Nuriyev bu memorandumun gələcəkdə məhkəmə-hüquq sahəsində müvafiq proseslərinin daha da təkmilləşdirilməsinə, o cümlədən bank sahəsində yaranan mübahisələrin həllində vəkillərin, hüquqşünasların peşəkarlıq səviyyəsinin və bank sahəsi üzrə biliklərinin artırılmasına dəstək olunmasına töhvə verəcəyini xüsusi qeyd edib.
"Sənəd bank-maliyyə sisteminə aid qanunvericilik aktlarının, hüquqi-normativ sənədlərin təhlili və bu istiqamətdə zəruri təkliflərin hazırlanmasında, maliyyə-bank sisteminə aid müvafiq qanunvericilik təşəbbüslərinin işlənib hazırlanmasında vəkillərin iştirakına, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanmasına və bu qəbildən olan digər fəaliyyətlərin həyata keçirilməsinə imkan verəcək. “Məhkəmə-hüquq sistemində islahatlarin dərinləşdirilməsi haqqinda” ölkə prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanı məhkəmə-hüquq sisteminin inkişafında yeni islahatların həyata keçirilməsində mühüm rol oynayıb. Belə ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşmış məhkəmələrin, vahid məhkəmə təcrübəsinin yaradılması, elektron məhkəmə və icrası sisteminin tətbiq edilməsi və məhkəmə qərarlarının effektiv icrası sektor üçün xüsusi önəm kəsb edir", - Z.Nuriyev bildirib.
Vəkillər Kollegiyasının fəaliyyətindəki mütərəqqi dəyişikliklərin də təsiri ilə ölkəmizdə hüquqi yardım keyfiyyətinin durmadan artdığını, bunun da öz növbəsində sektorda xidmət və məsləhətlərin səviyyəsinin yüksəldiməsinə xidmət etdiyini qeyd edən Z.Nuriyev banklarda coxlu sayda vəkillərin çalışdığını bildirib. O, bank mübahisələrinin həllində vəkillərin rolunun effektivliyinin artırılması, banklarda çalışan vəkil və hüquqşünasların güclu, nüfuzlu vəkillik institutundan bəhrələnməsi istiqamətində fəaliyyətin bundan sonra da davam edəcəyinə əminliyini söyləyib.
"Vəkillər Kollegiyasının əsas vəzifələri hər bir şəxsin hüquq və azadlığının, qanunla qorunan mənafeyinin müdafiə edilməsi, insanlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsi, vəkillik peşəsinin nüfuzunun yüksəldilməsidir. "Vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının 22 fevral 2018-ci il tarixli sərəncamına əsasən, Kollegiyanın fəaliyyətində şəffaflığın artırılması və vəkillik fəaliyyətinin inkişafı üçün tədbirlər görülüb. Bu memorandumun imzalanması ilə Kollegiya ümumi maraqların, real imkanların və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin birləşdirilməsinə, tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaradılmasına və inkişaf etdirilməsinə, eləcə də normativ, maarifləndirici və digər materialların hazırlanmasına zəruri dəstək verə bilər", - A.Bağırov bildirib.
Vəkillər Kollegiyasının tərkibində biznes hüququ sahəsində ixtisaslaşan, tanınmış vəkilləri bir arada birləşdirən Biznes Hüququ Komitəsinin yaradıldığını qeyd edən A.Bağırov memorandum çərçivəsində Komitə ilə ABA arasında qarşılıqlı səmərəli əməkdaşlığın olacağını da vurğulayıb.




