Tahir Baxşıyev: "B Divizionunda uduzmaqdansa, C-də yarışmaq yaxşıdır"

Tahir Baxşıyev: "B Divizionunda uduzmaqdansa, C-də yarışmaq yaxşıdır" "San Marinoya gedəndə İstanbul aeroportunda telefonumu itirdim"
Komanda
5 Avqust , 2022 13:43
Tahir Baxşıyev: B Divizionunda uduzmaqdansa, C-də yarışmaq yaxşıdır

San Marinodakı Avropa çempionatının C Divizionunda bürünc medal qazanmış 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyevin "Report"a müsahibəsi

– Bu nəticəni necə dəyərləndirərsiniz?

– 2015-ci ildə Cəbəllüttariqdə keçirilmiş Avropa çempionatının C Divizonunda gümüş və 2016-cı ildə qızıl medal qazanmışdıq. Bu, uğurlu üçüncü nəticəmizdir. Ovaxtkı heyətimiz daha ucaboy basketbolçulardan ibarət idi. İndiki heyətdə ortalama boy 1,94 m-dir. Amma bu dəfə də çempionluğa oynayırdıq. Uşaqlar çox yaxşı çıxış etdilər. Sadəcə, sonradan C-nin qalibi olan Albaniya ilə oyunda özlərini göstərə bilmədilər. Yorğunluq, yarımfinalda çıxış təzyiqi öz sözünü dedi. Ardıcıl 4 oyun keçirmək yorğunluğu və ilk beynəlxalq turnirdə çıxış etmələri bu oyunda özünü göstərdi. Bu heyət gələn il U-20 komandası kimi Avropa çempionatının B Divizionunda çıxış edəcək. Çünki U-20-lərdə C Divizionu yoxdur.

– U-18 bürünc medal qazandığı üçün gələn il B Divizionunda çıxış edəcəkmi?

– Yox, bu, federasiyanın qərarından asılı olan məsələdir. İstəsən, nisbətən güclülərin yarışdığı B-də, istəsən, C-də mübarizə apara bilərsən. Məsələn, orada rəqiblərimizdən Albaniya və Lüksemburq adətən B-də yarışır. B-də yarışmaq çox çətindir. Heç vaxt orada qrupdan çıxa bilməmişik. Bu günün reallığına əsasən C-də mübarizə aparırıq. Gedib B-də uduzmaqdansa, C-də yarışmaq yaxşıdır. Ancaq gələcək üçün əsas istəyimiz B-də yarışmaqdır. Çünki B-də ilk "3-lüy"ə düşdünsə, A-ya vəsiqə qazanırsan. A Divizionu bağlıdır. Orada iştirak etmək üçün mütləq B-dən vəsiqə qazanmalısan. A-da da həmişə ilk "3-lük"də İspaniya, Litva və keçmiş Yuqoslaviya ölkələrindən biri olur. Rusiya özü heç ora düşə bilmir, B-də oynayır.

– Ermənistana 76:65 hesabı ilə qalib gəldiniz. O görüş necə keçdi: hər hansı insident yaşanmadı?

– Yox, tam sakit matç keçdi. Ermənilər də məğlubiyyətlərinə narazılıq etmədilər. Çünki bizim komanda daha güclü idi. Belə oyunlara basketbolçuları kökləməyə də ehtiyac olmur. Uşaqlar görüşün siyasi əhəmiyyətini bilirdilər. Mən idmanla siyasəti qarışdırmağı xoşlamasam da, neyləmək olar? Bəllidir ki, bu komandaların oyunlarında müəyyən prinsipiallıq olur.

– Lüksemburqla həm qrupda, həm də bürünc medallar uğrunda görüşdə qarşılaşdınız...

– Onlarla ilk oyun çətin keçdi. İlk matçda 4 xalla qalib gələ bildik. İkinci oyunumuz da çətin keçdi, matç "overtaym"a getdi. Uşaqlar əlavə hissədə daha rahat oynadılar və yekunda onlara 5 xallıq fərqlə qalib gəldik.

– İstanbulda da başınıza xoşagəlməz hadisə gəlib. Bu haqda da danışardınız...

– San Marinoya gedəndə İstanbul aeroportunda telefonumu itirdim. Hava limanındakı oturacaqda telefonum qaldı. Yarışdan qayıdanda İstanbul polisindən soruşduq. Qabağımıza sahibi bilinməyən telefonları qoydular. Amma mənimki orada yox idi. Telefonum kiminsə qisməti imiş (gülür).

Son xəbərlər

Orphus sistemi