Bakı. 25 aprel. REPORT.AZ/ Futzal üzrə Qazaxıstan milli komandasının və "Kayrat" klubunun baş məşqçisi Kakau Azərbaycan yığmasından aldığı təklifi qəbul etməyib. "Report"un məlumatına görə, bu barədə braziliyalı mütəxəssis "Kayrat"ın rəsmi saytına müsahibəsində bildirib.
O bildirib ki, Azərbaycandan aldığı təklif təkcə maliyyə baxımından deyil, ümumilikdə çox cəlbedici olub. Kakaunun fikrincə, təklifi qəbul etsəydi, həm Qazaxıstan yığması, həm də klubdan ayrılmalı idi: "Mən "Kayrat"la müqavilə üzrə 2018-ci ilin mayınadək bağlıyam. Bu səbəbdən, Qazaxıstan Futbol Federasiyası ilə istənilən an anlaşma müddətini uzatmağa hazıram. Bu barədə federasiya prezidenti Yerlan Kojaqapanovla söhbətim də olub. Hər halda qarşıda Kolumbiyada keçiriləcək dünya çempionatı var. Çempionata komandanı biz çıxara bilmişik və kimsə belə məsuliyyətli vaxtda atıb-gedəcəyimi düşünürsə, məni pis tanıyır. Mən verdiyim vədi yerinə yetirməyə adət etmişəm. Qazaxıstanda 4 ildə müqaviləsiz çalışmışam. Amma buna əhəmiyyət verməmişəm. Çünki Qazaxıstan ikinci evimdir və buranı tərk etmək asan deyil. Bir daha Azərbaycan tərəfinə belə maraqlı təklif üçün minnətdarlıq edirəm. Amma indi öz futbolçularımı ata bilmərəm".
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Kakaunun ölkəmizdə çalışmaq istədiyini bildirib: "Biz onunla danışmamışıq, özü namizədliyini təklif edib". Azərbaycan yığmasında baş məşqçi postu komandanı dünya çempionatına çıxaran Tino Peresin müqaviləni uzatmaq istəməməsindən sonra boşalıb.