Müalicəsini davam etdirən Azərbaycan voleybol millisinin sabiq üzvü Tural Həsənli paralel olaraq MOİK klubunda məşqçi işləyir.
Bu barədə "Report"a açıqlamasında keçmiş voleybolçunun özü bildirib.
2023-cü ilin sonunda əməliyyat olunan T.Həsənli hazırda özünü yaxşı hiss etdiyini söyləyib:
"Şükürlər olsun, hər şey qaydasındadır. Hələ də müalicə alıram. Paralel olaraq MOİK klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərirəm. Oyunçu karyeramı bərpa etmək ehtimalım yoxdur. Artıq bunu istəmirəm. Mütəxəssis kimi dünya standartları ilə ayaqlaşan voleybolçular yetişdirmək və hər gün yeni nələrsə öyrənmək niyyətindəyəm".
Qeyd edək ki, 2023-cü ilin dekabrında "Xarı Bülbül" (Şuşa) klubunun heyətində yer alan Tural Həsənlinin “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstanda reallaşan cavab oyunu (1:3) ərəfəsində səhhətində problem yaranıb. O, kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya aparılıb. Daxili qanaxması olan voleybolçu bağırsağından ağır əməliyyat keçirib.