“Gəncə”nin prezidenti Elvar Osmanov klubun Voleybol Akademiyasının üzvləri və onların valideynləri ilə görüşüb.
"Report" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezident akademiyanın qarşıdakı hədəfləri, Azərbaycan Voleybol Federasiyasının bölgələrdə bu idman növünün inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.
E.Osmanov bildirib ki, əsas məqsəd akademiyanın üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması, onların gələcəkdə ölkəmizdə və beynəlxalq arenada uğurla çıxış etmələrinə geniş imkan yaratmaqdır.
Valideynlər övladları üçün yaradılmış şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildiriblər. Sonda bir qrup fəal yeniyetmə voleybolçuya sertifikat təqdim olunub.
Görüşdə “Gəncə”nin idman direktoru İbrahim Qarayev, həmçinin Voleybol Akademiyasının məşqçilər korpusu da iştirak ediblər.