Bakı. 22 sentyabr. REPORT.AZ/ FİFA-nın rəsmi saytı Azərbaycan futzalçısı Vitali Borisov barədə yazı hazırlayıb. "Report"un məlumatına görə, "Borisovun aparıcı rolu" başlıqlı yazıda 34 yaşlı hücumçu sevimli filmi olan "Xaç atası"ndakı Al Paçinonun yaratdığı Don Maykl Korleoneyə bənzədilib.
Bildirilir ki, Azərbaycan yığması Kolumbiyada keçirilən dünya çempionatının debütantı olsa da, 1/8 finala cəlbedici formada yüksəlib. Bu, Afrika çempionu Mərakeş üzərində asan qələbə, Avropa çempionu İspaniya ilə görüşdə kiçik fərqli məğlubiyyət və Asiya çempionu İranla heç-heçə sayəsində mümkün olub. Borisov 3 görüşün keçirildiyi 7 gün ərzində hələ sevimli filmlərini izləmək imkanının olmadığını bildirib: "Biz yalnız televiziya vasitəsilə rəqiblərimizin oyunlarını izləyirik. Bura növbəti rəqibimiz Tayland da daxildir".
Təcrübəli futzalçı heç də hər zaman meydanda olmur. Tez-tez əvəzlənməsindən narazı qalan Borisov ehtiyat oyunçular skamyasında yüksək əhval-ruhiyyədə görünmür. O, daha çox oynamaq və komandasına kömək etmək istəyində olduğunu desə də, ehtiyatda qalmasını normal sayıb: "Bu, komanda növüdür. Baş məşqçinin qərarını qəbul etmək lazımdır".
3 yaşlı qızı olan idmançı futzal və Hollivud filmlərinə tamaşa etməklə yanaşı, səyahəti də sevdiyini açıqlayıb. O, 2008-2009-cu illərdə Rusiyanın "Dina" klubunda legioner həyatı yaşadığını xatırladıb. Bu, Borisovu xaricdə çıxış etmiş yeganə azərbaycanlı futzalçıya çevirib.
Qarşıda isə Azərbaycan millisini əvvəlki dünya çempionatının təşkilatçısı Taylandla 1/8 final matçı gözləyir. Təcrübəli futzalçı asiyalıları texniki cəhətdən yaxşı komanda adlandırıb və qarşıdakı görüşün bərabər səviyyədə keçəcəyini söyləyib. O, həyat yoldaşının cazibə qüvvəsi və komandasının çıxışlarına əsaslanaraq, mərhələ adladıqlarını vurğulayıb. Borisov bu amillər sayəsində yenə uğur qazanacaqlarına inam ifadə edib.
Qeyd edək ki, Azərbaycanla Tayland arasındakı 1/8 final görüşü Bakı vaxtı ilə bu gecə saat 02:30-da başlanacaq.