İnanıram ki, bu dörd qarşılaşma gənclərin təcrübə qazanması baxımından böyük rol oynayacaq.
Bunu "Report"a açıqlamasında Qızıl Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov deyib.
Mütəxəssis komandanın gənclərdən ibarət olduğunu xatırladıb: "Onları təcrübə toplamaq üçün yığmaya cəlb etmişdik. Bir neçə təcrübəli oyunçuları saxlamışıq. Onlar da bu voleybolçulara dəstək olurlar və təcrübələrini bölüşürlər".
Fərid Cəlalov Belçikada keçirilən II turun matçlarına toxunub: "Meydan sahibləri ilə görüşün ilk seti gərgin mübarizə şəraitində keçirdi. Sonra üstünlüyü əldən verdik. Zaman-zaman hesabda irəli də çıxmışdıq. Digər oyunda da gənclərdən yararlandıq. Hazırda Estoniyadayıq. Üç gün sonra meydan sahibləri ilə üz-üzə gələcəyik. Bunlar uşaqların təcrübələrinin artması baxımından böyük matçlardır. Onların bəziləri hətta gənclərdən ibarət yığmada da olmayıblar. Qarşıdakı görüşlərdə də əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi Bakıda keçirilən I turda Rumıniya və Ukraynaya, Belçikada baş tutan II turda isə meydan sahibləri ilə Şimali Makedoniyaya 0:3 hesabı ilə uduzub.