Fərid Cəlalov: "Azərbaycan çempionatının finalında bizi asan oyun gözləmir"
- 13 aprel, 2026
- 17:10
Voleybol üzrə Azərbaycan Yüksək Liqasının finalında "DH Volley" komandasını asan oyun gözləmir.
Bunu "Report"a açıqlamasında Bakı təmsilçisinin baş məşqçisi Fərid Cəlalov bildirib.
O, yarımfinalın ikinci görüşündəki məğlubiyyətə və "qızıl set"dəki qələbəyə toxunub:
"İlk oyunda "Milli Aviasiya Akademiyası"na 3:0 hesabı ilə qalib gəlsək də, ikinci matçda komandada arxayınlıq var idi. Buna görə də zəif çıxış etdik. Beşinci setdə 13:10 hesabı ilə irəlidə olsaq da, sonluğu gətirə bilmədik və məğlub olduq. "Milli Aviasiya Akademiyası"nın oyununu yüksək qiymətləndirirəm, onlar tam gücləri ilə mübarizə apardılar. "Qızıl set" öncəsi voleybolçulara finalın astanasında olduğumuzu, bu hissədə məğlub olmağın mümkünsüzlüyünü bildirdim. Hətta əvvəlki setdəki nəticəni də nümunə kimi göstərdim. Sonda toparlanıb qalib gəldik".
Mütəxəssis finaldakı potensial rəqiblər barədə danışıb:
"Bu gün "Turan" və "Gəncə" klubları qarşılaşacaqlar. Hansı komanda güclüdürsə, o da qalib gəlsin. Heç bir rəqiblə oyun asan olmayacaq. Çünki pley-offa düşməyən kollektivlər belə liderlərlə başabaş mübarizə aparırdılar. Buna "Abşeron" və UNEC-i nümunə göstərə bilərəm. Hansı yaxşıdırsa, onlarla finalda qarşılaşmağı arzulayıram".
O, final oyununa hazırlığı dəyərləndirib:
"Finalın bir oyundan ibarət olması gözəldir. Onsuz da dəfələrlə qarşılaşdıqları üçün komandalar artıq bir-birinin taktikasını bilirlər. Hamı dərk edir ki, final son oyundur, qələbə qazanmaq lazımdır. Burada fiziki hazırlıqdan söhbət gedə bilməz. Çünki mövsümün sonuna doğru fiziki yükləmələr azalır, voleybolçular yorğun olurlar. Baxmayaraq ki, voleybolçular fitnesdə hazırlığı davam etdirirlər. Amma bu mövsümün əvvəlindəki kimi olmur. Bu mərhələdə əsas rolu psixoloji hazırlıq oynayacaq".
F.Cəlalov komandasının cari mövsümdəki çıxışı, həmçinin çempionatdakı rəqabət barədə fikirlərini bölüşüb:
"DH Volley" yeni yaranmış klubdur. İllərlə tarixi olan komandaları geridə qoyub finala yüksəlməyimiz oyunçuların zəhmətinin nəticəsidir. Qızların zəhməti danılmazdır. Düşünürəm ki, azarkeşlər də bunu yüksək qiymətləndirirlər. Mən də baş məşqçi kimi eyni fikirdəyəm. Onlar meydanda döyüşçü ruhu nümayiş etdirdilər. Hətta oyunumuzun zəif alındığı dövrlərdə belə komanda mübarizə aparıb. Voleybol kollektiv oyundur. Oyunçular bir-birilərinə dəstək olurlar. Məşqçilər, həmçinin voleybolçular da bacardıqlarını ediblər".
Baş məşqçi Azərbaycan Yüksək Liqasının səviyyəsi barədə sualı da cavablandırıb:
"Bütün komandalar son oyunlara qədər güclərini göstərdilər. Müəyyən parametrlədə gerilik olduğuna görə uduzdular. Bu il kimin çempion olacağını öncədən proqnozlaşdırmaq çətin idi. Bir çox komanda bərabər səviyyədədir. Hətta 3:0 bitən oyunlarda belə setlər 30:28, 32:30 kimi hesablarla başa çatırdı. Ötən mövsümlə müqayisədə çempionatın səviyyəsində ciddi yüksəliş hiss olunur".
Qeyd edək ki, "DH Volley" Azərbaycan çempionatının yarımfinalnda "Milli Aviasiya Akademiyası"nı məğlub edərək finala vəsiqə qazanıb. Fərid Cəlalovun komandası bu gün baş tutacaq "Tovuz" - "Gəncə" matçının qalibi ilə həlledici görüşdə üz-üzə gələcək.