​Elşən İsmayılov: “Avropa Oyunlarına hazırlaşan voleybolçularımızın hamısı məsuliyyəti dərk edir” - MÜSAHİBƏ

​Elşən İsmayılov: “Avropa Oyunlarına hazırlaşan voleybolçularımızın hamısı məsuliyyəti dərk edir” - MÜSAHİBƏ “Bizi qarşıda ciddi Oyunlar gözləyir”
Komanda
18 Aprel , 2015 20:00
​Elşən İsmayılov: “Avropa Oyunlarına hazırlaşan voleybolçularımızın hamısı məsuliyyəti dərk edir” - MÜSAHİBƏ

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Elşən İsmayılovun “Bakı 2015” I Avropa Oyunları ilə əlaqədar “Report”a müsahibə verib.

- Avropa Oyunlarına hazırlıqlarınız necə gedir?

- Avropa Oyunlarında voleybol çox böyük heyətlə təmsil olunacaq. Çünki burada qadın və kişlərdən ibarət voleybol və çimərlik voleybolu növləri üzrə mübarizə gedəcək. Bizi qarşıda ciddi Oyunlar gözləyir. Nəzərə alsaq ki, komandaların hamısı reytinqlidir, demək olar ki, hamısı Avropa çempionaıtnın finalçılarıdır. Hətta deyərdim bu Oyunlar Avropa çempionatından da çətin, ağır olacaq. Çünki qitə çempionatında 16 yığma idisə, burada cəmi 12 komanda olacaq. Bunların hamısını nəzərə alaraq, bütün oyunların Azərbaycanda keçirilməsini düşünərək deyə bilərəm ki, “Bakı 2015” ölkəmiz üçün çox böyük tədbirdir. Həm bir yarış, həm də Azərbaycanın idman ölkəsi kimi Avropa və dünyaya tanıtdırılması ilə yanaşı, Oyunlara hazırlıq işləri bütün idman infrastrukturunun dəyişilməsi deməkdir. Bütün bazalarda təmir-tikinti işləri aparılır. Böyük stadionun açılışı oldu ki, bu da önəmli amildir. Eyni zamanda, çimərlik voleybolu ilə əlaqədar yeni bulvar zonasında tikilən baza var ki, bu da bizim üçün çox önəmlidir. Avropa Voleybol Konfederasiyasının sonuncu Baş Assambleyasında biz "Bakı 2015" I Avropa Oyunlarının təqdimatını həyata keçirdik və bu, 52 ölkə nümayəndəsi tərəfindən müsbət qarşılandı. Bir neçə ölkə 2017-ci il Avropa çempionatının final mərhələsinə namizədliyini irəli sürmüşdü. Gizli səsvermə yolu ilə final oyunları Azərbaycana verildi. Bu da bizim üçün çox önəmli qərardır. Oyunların Təşkilat Komitəsi yaradılıb və orada peşəkar, gənc mütəxəssislər çalışır. Onar da öz işlərini bilir, federasiyalarla çox sıx əlaqədə çalışırlar. AVF tərəfindən Oyunlara 123 könüllü cəlb olunub. Sadəcə, voleybolu bilən, həvəsi olan insanları cəmləşdirib ora yönəltmişik. Oyunların əhəmiyyətini nəzərə alaraq 16 nəfər statist hazırlamışıq. Bunlar voleybolu bilən, ən azı 3 əcnəbi dil və kompüter bacarığı olan insanlardır. Həmin insanları gələcəkdə federasiya nəzdində fəaliyyət göstərəcək komissiyalarda yerləşdirəcəyik. Oyunları 30-dək xətt hakimləri idarə edəcəklər.

- Yığma komandaların qarşılarına hansı məqsədlər qoyulub?

- Qadın voleybolu ilə bağlı çətinliyimiz yoxdur. Məşqçilərlə birgə hazırlıq planı tərtib olunub, Gənclər İdman Nazirliyi tərəfindən baxılıb. Biz medallar uğrunda vuruşacağıq. Bir neçə zədəli oyunçumuz var ki, onlar bərpa olunmalıdırlar. Valeriya Korotenko ana olduqdan sonra bərpa prosesi keçir. Bu gün 30-dək voleybolçu var ki, yığmaya cəlb olunub. Düşünürəm ki yığma 2 heyətlə hazırlaşacaq. Klubların qısa müddətdə imkanlarını cəmləşdirərək, iş aparmaları nəticəsində voleybolçularımızın sayı artıb.

- Bəs kişi voleybolunda vəziyyət necədir?

- Kişi voleybolunda çətinliklərimiz həddən artıq çoxdur. Çünki burada klublar yoxdur və biz çempionat keçirməkdə çətinlik çəkirik. Ancaq 2 il bundan əvvəl geniş miqyaslı zona yarışları təşkil etdik və 86 komanda iştirak etdi. Məqsəd araşdırmaqdan ibarət idi. Nəticədə 6 komanda ilə ölkə çempionatına başladıq. Nəhayət, Azərbaycan tamaşaçısı kişi voleybolçusuna da baxa bilir. Türkiyədən Bülent Karslıoğlunu yığmaya baş məşqçi kimi cəlb etdik. O, bir ara bizim klublarda - ən əsası da "İqtisadçı"da çalışıb. Oyunçularla dil problemi yoxdur ki, bu da bizi qane edir. Onlar üçün hər cür şərait yaradılıb. Vitaminləşdirmə və digər işlər də vaxtında həyata keçirilir ki, komanda Oyunlara hazır olsun. Bir neçə oyunçu var ki, onların milliləşdirilmə prosesi gedir. Ancaq 90 faiz idmançı Azərbaycan voleybol məktəbinin yetirmələdir. Aprelin 25-dən mayın 5-dək Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışı keçiriləcək. Burada 3-4 oyun olacaq. Sloveniya və Avstriya komandası ilə danışmışıq. Kişi komandasından yüksək nailiyyət gözləmək düzgün olmazdı, ancaq ilk “8-liy”ə düşəcəklərini gözləyirik.

- Çimərlik voleybolunda işlər nə yerdədir?

- 2002-ci ildən çimərlik voleybolu üzrə həvəskarlar arasında yarışlar keçirmişik. Amma xüsusi meydançamız olmayıb. Çimərlik voleybolu artıq ayrıca bir idman növü kimidir. Burada yüksək mükafat fondu olan beynəlxalq yarışlar mövcuddur. Nəzər alsaq ki, Oyunlar Bakıda keçirilir, qısa zamanda çimərlik voleybol meydançaları yaradılıb. Pirşağı qəsəbəsində gözəl kompleks var. Orada yarışlar keçirmişik. Düzdür, səhvlərimiz çox olub, lazımi mütəxəssislər olmayıb. Ancaq qısa zamanda seminarlar keçirilib, ezamiyyətlər olub və hazırda çimərlik voleybolu sürətli inkişaf dövrünü yaşayır. Nəzər alsaq ki, bu Oyunların reytinqi, statusu var, bunları düşünərək milliləşdirmə aparılıb. Cütlüklər isə bir əcnəbi, bir yerli oyunçudur. Bizim oyunçular bir neçə beynəlxalq yarışda iştirak edib və lazımi qədər reytinq yığıblar. Bu yaxınlarda Avropa Kuboku yarışlarında iştirak edəcəklər. Orada uğurlu çıxış edib, lazımi reytinq toplasalar, Avropa çempionatına vəsiqə qazanacaqlar. Hesab edirəm ki, çimərlik voleybolunda həm qadın, həm də kişilər uğurlu çıxış etməlidirlər. Azərbaycan azarkeşi maraqlı oyunlar görəcək. Bu istiqamətdə məqsədyönlü işlər aparılır. Hətta qış aylarında da dayanmadıq və çalışdıq ki, onlar Latın Amerikası, Braziliyada təlim-məşq toplanışı keçirsinlər. Hazırda Antalyada toplanışdadırlar. Çimərlik voleybolu ölkəmizdə sürətlə inkişaf edir. Elə proqram var ki, bu, yalnız Avropa Oyunları üçün deyil, davamlı şəkildə olacaq. Bu, bizim üçün bir səbəb, fundament idi. Sadəcə, Oyunlar həmin proqramı sürətləndirdi. Təbii ki, təkbaşına federasiya olaraq öhdəsindən gələ bilməzdik. Burada Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və ayrı-ayrı sponsorlarının köməyi var.

- Yığma komanda üzvlərinin Avropa Oyunlarına yanaşma tərzləri necədir: onlar bu Oyunlara hansı səviyyədə yanaşırlar?

- Hamısı məsuliyyəti dərk edir. Bu istiqamətdə onlarla iş aparılır. Həm psixoloji, həm də texniki-taktiki hazırlıqlarla bağlı işlər görülür. Əvvəl bir komanda idi və hamısı gözümüzün qabağında olurdu. Ancaq indi hərəsi bir klubdadır. Klublardan necə gələcəkləri isə ilk toplanışdaca özünü biruzə verəcək. Hər il olduğu kimi, yük baş məşqçi Faiq Qarayevin üzərinə düşəcək. Onların fiziki, sağlamlıqla bağlı problemləri bilinməli və bərpa prosesi keçməlidirlər. Qızların hamısı yığma komandaya böyük həvəslə can atır. Millidə olan ab-hava ilə klubdakı arasında fərq var. Millidə olanda klubdakı bütün rəqabətlər unudulur və geridə qalır. Məşqçilər elə əhval-ruhiyyə yaradırlar ki, hamı diqqətini milliyə yönəldir, ölkəni, xalqı təmsil etdiklərini başa düşürlər. Bilirlər ki, üzərlərində böyük diqqət var. Ona görə də hamısı canla-başla çalışır.

- Qadınlardan ibarət yığmanın Avropa Oyunlarından əvvəl hansı yarışları olacaq?

- Mayda Avropa çempionatının III təsnifat mərhələ qarşılaşmaları olacaq. Slovakiya yığması ilə oynayacağıq. Mən ev oyununun "Crystall Hall"da keçirilməsi xahişi ilə müraciət etmişəm. Çünki bu, həm də bir növ sınaq yarışı olardı. Həmin oyun mayın 23-də olacaq. Bundan bir həftə sonra isə Slovakiyada cavab matçına çıxacağıq. Avropa Oyunları zamanı voleybol matçları "Crystall Hall"da keçiriləcək. Dərnəgüldə yerləşən Voleybol Mərkəzi və “Gənclik” Olimpiya Kompleksi məşq bazası kimi seçilib. Çimərlik voleybolçuları isə Bibiheybətdəki bazada olacaq. Müraciət etdik ki, bu, müvəqqəti qurğu olmasın. Nəticədə bizə dəstək olaraq meydançanın daimi qalacağı bildirildi. Bulvarda o cür yerdə voleybol meydançası faydalı olar.

- Rusiya yığmasının Oyunlara ikinci heyətlə gəlməsi Azərbaycan millisinə hansısa üstünlük verir?

- Bəli, üstünlük verir. Amma ikinci heyətlə də asan olmayacaq. Rusiyanın əsas milli komandası Dünya Liqasında iştirak edəcək. Hətta İtaliyada keçirilmiş beynəlxalq konqresdə Almaniya və Rusiya voleybol federasiyaları məsələ qaldırdılar ki, Dünya Liqasının tarixi qabağa çəkilsin və nəticədə onlar da sərbəst şəkildə Bakıya gəlsinlər. Bu da Avropa Oyunlarına olan münasibətdən irəli gəlir. Yəni, hamı Oyunlara güclü heyətlə gəlib vuruşmaq istəyir. Amma təqvimdə dəyişiklik edilmədi. Bu səbəbdən, ola bilsin, hansısa ölkə əsas heyətlə gəlməsin. Ancaq bu da məsuliyyəti azaltmır. Çünki Rusiyadan olan voleybolçuların boyu 2 metrdən də ucadır.

Son xəbərlər

Orphus sistemi