Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimov "Report"un suallarını cavablandırıb. Qurum rəsmisi "Sabah" klubunun Çempionlar Liqasındakı şanslarından və Azərbaycan Basketbol Liqasındakı yeniliklərdən söz açıb.
- "Sabah" sentyabrın 17-də FIBA Çempionlar Liqasının təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə üz-üzə gələcək. Komandanın şanslarını necə dəyərləndirirsiniz?
- "Sabah"ın yer aldığı qrup digərlərinə nisbətən rahatdır. Komandadan ancaq qələbə gözləyirik, təmsilçimizə uğurlar arzulayırıq. Uduzan kollektiv turnirdən kənarda qalacaq. Səhv etmək şansı yoxdur. "Sabah"a ümidimiz böyükdür. Komandanın qrup mərhələsinə vəsiqə qazanmasını istəyirik.
- Komandanın heyəti əsas mərhələyə vəsiqə qazanmaq üçün kifayət edəcəkmi?
- Bunun üçün transferlər olunub. "Sabah" hədəfi olan klubdur. Hazırda Azərbaycanın ən güclü basketbol komandalarından biridir, ölkə çempionudur. Peşəkar baş məşqçi Rimas Kurtinaytis komandaya rəhbərlik edir. Yüksək səviyyəli oyunçular heyətə cəlb edilib. Komanda qurulanda hansısa məqsədə görə addım atılır. Təmsilçimizin də hədəfi Avropa arenasında uğurlu çıxış etməkdir. Bu səbəbdən yüksək səviyyəli oyunçular transfer olunub.
- "Sabah"dan başqa hansısa klubumuzun avrokubokda iştirak etmək ehtimalı varmı?
- "Sabah" ölkə çempionu kimi Çempionlar Liqasına qatılır. Azərbaycanın bir neçə komandası qitəmiqyaslı turnirdə iştirak edə bilər. Bu isə sırf klublara bağlı məsələdir. İlk "4-lük"də yer alan komandalardan hansınınsa maliyyə dəstəyi olsa, özlərini avrokuboka hazır hiss etsələr, federasiya bunu ancaq alqışlayacaq. Bəlkə də hansısa klubumuz təcrübəsinin az olduğuna görə belə yarışa qatılmır. Federasiya klublara hansısa maneə yaratmır. Bu, sırf klubların istəyinə bağlı məsələdir. Biz də çox istəyərik ki, başqa klublarımız da Avropa arenasında oynasınlar.
- Azərbaycan Basketbol Liqası yaxın zamanda start götürəcək. Yeni mövsümdə nə kimi yeniliklər olacaq?
- Azərbaycan Basketbol Liqasının üçüncü mövsümü olacaq. Çox sevinirik ki, ildən-ilə çempionatın səviyyəsi artır. Zaman keçdikcə daha da yaxşısını görəcəyik. Yeni başlayacaq liqa ikincidən daha keyfiyyətli olacaq. MOİK və "Lənkəran" komandası da yarışa qoşulacaq. "Cəlilabad"ı isə "Quba" əvəzləyəcək. Çox maraqlı turnir gözləyirik. Ümid edirəm ki, gözləntilərimiz boşa çıxmayacaq. Yüksək səviyyəli çempionatın şahidi olacağıq. İlk matçın oktyabrın 18-də təşkili planlaşdırılır.
- 3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Mersedes Uolker karyerasını başa vurub. Bu barədə nə deyə bilərsiniz?
- O, 2017-ci ildən yığmamızın formasını geyinib. Karyerasını bitirməyi sırf yaşla bağlıdır. Hansısa xüsusi səbəb yox idi. Uolkerə gələcək həyatında uğurlar arzulayırıq.
- Komandaya yeni legioner cəlb etməyi planlaşdırırsınız?
- Olimpiadadan əvvəl Brianna Freyzer komandamızda idi. Sadəcə, FIBA-nın qaydalarına görə, o, Parisdə heyətdə yer almadı. O, klassik basketbolda yığmamızın heyətində olub. Növbəti ildən isə 3x3 basketbol üzrə millidə çıxış edə biləcək. Ən yaxşı oyunçularımızdan biridir. Növbəti mövsümdə 3x3 komandası indikindən daha güclü olacaq.