Zədədən sonra oynamaq çətindir, amma mən bacardığım qədər komandama kömək etməyə çalışdım.
"Report" xəbər verir ki, bunu "Gəncə"nin basketbolçusu Cəbrayıl Əkbərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Millinin də üzvü olan oyunçu "Quba"ya 90:62 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının II turunun matçı ilə bağlı danışıb:
“Komandamız çempionata yaxşı başlayıb. İki görüş keçirib maksimum nəticə qazanmışıq. Bu, yaxşı hazırlığımızın sayəsində olub. "Gəncə”nin uğurlu çıxışı oyunlarda düzgün taktika seçməklə bağlıdı. Rəqibləri təhlil edib, onların necə oynayacağını müəyyənləşdiririk. Məşqçilərin seçdikləri taktika əsasında mübarizə aparıb, verilən tapşırıqları yerinə yetiririk. Əlbəttə ki, hamının meydanda öz gücünü tam olaraq ortaya qoyması qələbəni şərtləndirən amil olur. "Quba" ilə qarşılaşmadan əvvəl, demək olar ki, 3 həftə məşq edə bilməmişdim. Bərpa dövrünün ardından az oynamağım normaldır. Zədədən sonra oynamaq çətindir, amma mən bacardığım qədər komandama kömək etməyə çalışdım. Artıq tam gücümlə məşqlərdə işləyirəm, məqsədim matçlarda kollektivə daha çox kömək etməkdir. Özümü yaxşı hiss edirəm”.
Əkbərov qarşıdakı matçdan da danışıb. “Ordu” ilə səfər oyununun hər iki tərəf üçün çətin keçəcəyini vurğulayıb:
“Həm biz, həm də onlar iddialıdırlar. B qrupunun favoritləriyik və demək olar ki, eyni gücdəyik. Qələbə ən çox bunu arzulayanın, meydanda can qoyan komandanın olacaq. Görüşə çox ciddi yanaşırıq. Qalib gələ bilərik, inşallah, belə də olacaq. Mən buna inanıram”.
Qeyd edək ki, "Ordu" - "Gəncə" qarşılaşması noyabrın 2-də olacaq.