"İlk hədəfim NBA draftlarına qatılmaqdır".
Bunu "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə sentyabrın 28-də ABŞ-a yollanacaq gənclərdən ibarət millinin üzvü Hüseyn Qaflanov deyib.
Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq 15 yaşlı idmançı oradakı hazırlıq kurslarında əsasən fiziki cəhətdən güclənmək üçün çalışacağını bildirib: "Orada bunun üçün xüsusi proqramlar olacaq. 18-19 yaşlarında NBA draftlarına qatılmaq və yaxşı basketbolçu kimi yığmamızın əsas oyunçu olmaq niyyətindəyəm".
2022-ci ildə Litvanın paytaxtı Vilnüsdə yerləşən NBA məktəbinə qəbul olan Qaflanov seçimini dəyişməsinin səbəbini də açıqlayıb: "Oraya da yerli federasiyanın köməyi ilə getmişdim. Amma ABŞ-da atletik bacarıqları yüksəltmək və inkiaf etmək daha yaxşı olduğu üçün bu addımı atdım. Bu qərarı ortaq verdik, federasiya da mənə dəstək oldu. Potensialımı tam açmaq üçün ABŞ-a göndərirlər. Onlara təşəkkür edirəm".
Yeniyetmə basketbolçu karyesındakı hədəflərindən də söz açıb: "Boyumun daha da artması NBA draftlarında xüsusi rol oynaya bilər. Bu baş versə, şanslarım daha çox olacaq. Hər basketbolçu NBA-da çıxış etməyi arzulayır. Bu alınmasa, karyeramı Avropada davam etdirməyi qarşıma məqsəd qoyacağam".