Taxtakörpü su anbarından Ceyranbatan su anbarına gələn əsas su xətlərindən birində sızma yaşanır.
Məsələ ilə bağlı “Report”a açıqlama verən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Ceyranbatan su anbarı Bakının su təchizatını həyata keçirir:
"Həmin anbar isə sözügedən boru xətti vasitəsilə Taxtakörpü su anbarından qidalanır. Ona görə də həmin kəmərdə su axınını dayandırıb xətti təmirə bağlaya bilmirik. Amma payız aylarında həmin boru xəttini təmirə bağlayacağıq. Bu məsələdən xəbərimiz var. Biz maksimum çalışırıq ki, Ceyranbatan su anbarı dolsun. Ora müəyyən bir vaxta qədər su yığılandan sonra xətti bağlayıb, təmirə başlayacağıq”.
D. Şərifov qeyd edib ki, xətti təmirə bağladıqda su təchizatı ilə bağlı heç bir problem olmayacaq: "Həmin ərazidən iki su xətti keçir ki, onları növbəli şəkildə təmirə bağlayacağıq”.