Orta Dəhlizin üzərində yerləşən ölkələrin təbii sərvətlərlə çox zəngin olması bu dəhlizin önəmini artırır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumundakı panel iclasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.
"Bu zənginliklə iqtisadiyyatı daha da rəngarəng edə bilərik", - deyə o qeyd edib.
Bundan başqa, T.Ziyadov deyib ki, Bakı Limanı çox strateji məkanda yerləşir.
"Liman ekoloji təmiz, yüksək texnologiyalarla, sağlamlığı təmin edən şəkildə qurulub. Çindən Avropaya qədər yol bütün standartlara cavab verməlidir. Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Türkiyə kimi tərəfdaşlarımız bu böyük layihəyə öz töhfəsini verməlidirlər. Bizim üçün vacibi logistikada bütün infrastrukturun yaradılmasıdır. Çünki konteynerlərin sürətli çatdırılması, yüklərin tez boşaldılması iqtisadiyyata töhfə verir", - deyə Baş direktor əlavə edib.