Rusiya şirkətləri Qarabağın bərpasında iştirakla bağlı müraciət edib

Rusiya şirkətləri Qarabağın bərpasında iştirakla bağlı müraciət edib “Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr inkişaf edir”.
İnfrastruktur
17 Noyabr , 2021 11:08
Rusiya şirkətləri Qarabağın bərpasında iştirakla bağlı müraciət edib

“Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr inkişaf edir”.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Rusiya işgüzar missiyasının iştirakı ilə Bakıda keçirilən “Ağıllı şəhər” mövzusunda tədbirdə deyib.

“Bu kimi tədbirlər əlaqələrin inkişafında mühüm rol oynayır. Bu ilin iyul ayında biz Rusiyadan Azərbaycana biznes missiyanı qəbul etdik. Həmin ərəfədə potensial layihələrlə bağlı müzakirələr aparılıb, Rusiyaya məxsus “KamAZ” ASC ilə Azərbaycana məxsus “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi arasında müqavilə imzalanıb. Bu il oktyabrın 4-də isə Prezident İlham Əliyev Cəbrayıl rayonunda Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimovla birlikdə “Araz Vadisi İqtisadi Zonası”nın ilk rezidenti - “KamAZ” servis mərkəzinin təməlini qoyub. Burada yalnız "KamAz" markalı yük maşınlarına xidmət edilməyəcək, bütün yük avtomobillərinə, həmçinin aqrar texnikalara xidmət göstəriləcək. Hazırda həmin layihənin biznes planı hazırlanır”, - deyə o qeyd edib.

Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibə ilə 30 il davam edən işğala son qoyub: “Hazırda bizim ölkə üçün prioritet uzun illər davam edən işğal nəticəsində dağıdılmış ərazilərimizin bərpası, həmçinin, əhalinin ora qayıtması üçün lazımi şəraitin yaradılmasıdır. Bu məqsədlə böyük bərpa işləri həyata keçirilir. Prezidentin dediyi kimi, Azərbaycan dost ölkələri bu prosesdə görməyə şaddır. Bu kontekstdə Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı məqsədlərimizə çatmaqda əlavə impuls verərdi. Bu ay Rusiya şirkətlərindən Qarabağın bərpası ilə bağlı sorğu daxil olub”.

Bundan başqa, onun sözlərinə görə, Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi icra edilir və proses yekunlaşmaq üzrədir: “Layihə “Ağıllı kənd”in bütün elementləri üzrə icra edilir. Növbəti ilin əvvəlində mərhələli şəkildə əhalinin həmin kəndə köçürülməsi planlaşdırılır. Həmçinin, işğaldan azad edilmiş digər ərazilərdə də “Ağıllı kənd” layihələrinin icrası nəzərdə tutulur. Artıq bu çərçivədə işlər həyata keçirilir".

E.Əliyev həmçinin əlavə edib ki, avtomobil və dəmir yolları şəbəkəsinin inkişafı Azərbaycan üçün prioritetdir: “Azərbaycan bütün nəqliyyat - kommunikasiyaların açılmasının tərəfdarıdır, bu istiqamətdə böyük təşəbbüs nümayiş etdirir və bir çox yol layihələri həyata keçirir. Bu layihələr yalnız daxili yükdaşıma və sərnişin daşıma üçün nəzərdə tutulmayıb, həmçinin bütün regionu birləşdirən beynəlxalq yolların tərkib hissəsi ola bilər. Buna görə də hesab edirik ki, bugünkü tədbirdə iştirak edən ixtisaslaşmış şirkətlərin təklif etdiyi əməkdaşlıq mexanizmləri bizim ölkənin dövlət və özəl strukturlarına maraqlı olacaq. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun inkişafı sahəsində əməkdaşlıqda kifayət qədər mühüm investisiya elementləri var. Hesab edirik ki, Rusiya şirkətləri bu istiqamətdə investor olaraq iştirak edə bilərlər”.

Nazir müavini qeyd edib ki, Azərbaycan və Rusiyanın iqtisadi əlaqələri davamlı inkişaf edir, bu ilin 9 ayında iki ölkənin ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 6% artıb.

Xatırladaq ki, bu gün Bakıda Rusiya işgüzar missiyasının iştirakı ilə “Ağıllı şəhər” mövzusunda tədbir keçirilir. Missiyada Azərbaycan tərəfdən 36 şirkət və idarə, Rusiya tərəfdən isə 31 şirkət iştirak edir. Rusiyalı iştirakçılar “Ağıllı şəhər” formatlı şəhərsalma ilə bağlı məhsul və xidmətlərini təqdim edirlər. İşgüzar missiya çərçivəsində iki ölkə şirkətləri arasında 150-dən çox ikitərəfli görüş keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi