2019-cu ilin sonlarından Çində başlanan və 2020-ci ilin əvvəllərindən etibarən bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyası planetin iş ahəngini dəyişməklə yanaşı gedən iqtisadi-siyasi proseslərin istiqamətini də dəyişdi. Dünyanın aparıcı ölkələrindəki iqtisadi böhran, durğunluq və geriləmə meylləri artıq bütün göstəricilər üzrə özünü təsdiq edir.
Əksər ölkələrdə qiymətlər sürətlə artır, ərzaq və enerji böhranı yaranıb, müxtəlif növ əmtəə və xidmətlərin çatdırılmasında problemlər var. Mərkəzi Banklar hələ ki, inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırmağa üstünlük verir. Amma bu da vəziyyətdən çıxış yolu deyil. Çünki, iqtisadiyyata pul axınlarını məhdudlaşdırmaq iqtisadi aktivliyi və insanların real gəlirlərini azaldır, sosial gərginlik yaradır. Onsuz da, dünyada bir sıra müəssisələr fəaliyyətini tam və yaxud qismən dayandırıb, işsizlik səviyyəsi artıb. Odur ki, dünya ölkələri, xüsusilə də Avropa ölkələri iqtisadi artımı stimullaşdırmaq barədə düşünməlidir.
Gözümüzün önündə yeni dünya inşa edilir, planetin müasir arxitekturası yaradılır. Dünyadakı əks-göstərişə baxmayaraq Azərbaycan dinamik inkişaf edir, sosial-iqtisadi inkişaf yüksələn templə gedir. Azərbaycanın artıq bu sahələrdə özünün unikal modeli mövcuddur.
Azərbaycanda həyata keçirilən uğurlu siyasəti “Report”a şərh edən beynəlxalq münasibətlər üzrə ekspert, fəlsəfə doktoru Yəhya Babanlı hesab edir ki, Azərbaycan xarici siyasətdə öz modelini yaradıb:
"Əslində, dünyada baş verən geosiyasi və geoiqtisadi təlatümlər və dəyişikliklər fonunda dövlətin mövqeyinin - sosial-iqtisadi dinamikasının qorunub-saxlanılması olduqca mürəkkəb və çətin məsələdir. Bunun üçün gərək ölkənin çoxvektorlu iqtisadi strategiyası olsun. Məhz bu gün dünya iqtisadiyyatında kollapsın yaranması və ekstremal vəziyyətin hökm sürməsinə baxmayaraq Azərbaycanda bütün sosial tədbirlər davam etdirilir və iqtisadi sferada iqtisadi inkişaf müvəffəqiyyətlə gerçəkləşir. Eyni zamanda, koronavirus pandemiyası ilə mübarizədə ön sıralarda durub, ÜST-ə maliyyə dəstəyi göstərilib və ehtiyacı olan dövlətlərə vaksin preparatları göndərib".
Ekspert son illər iqtisadiyyat-vergi sistemində köklü islahatların həyata keçirilməsi, bu sahələrdə liberallaşdırma tədbirlərinin görülməsini xüsusi vurğulayıb:
"Ölkə iqtisadiyyatının Neoinstitusionalizm nəzəriyyəsi – sosial elmlərlə əlaqəli makroiqtisadi analiz metodlarının yaranmasını təzahür etdirən tendensiyalar üzərində qurulması müsbət haldır”.
Alim hesab edir ki, bu atılan addımlar pandemiyadan sonrakı dövrdə də davam etdirilir və artıq öz təsirini göstərməyə başlayıb:
“Məhz post-pandemiya və post-müharibə dövrünü yaşayan Azərbaycan Respublikasının sosial paketlər, özünə məşğulluq və sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi verməsi bu qəbildəndir. Dövlət büdcəsinin ilbəil artımı bunun bariz nümunəsidir. Məsələ ondadır ki, pandemiyanın və müharibənin vurduğu ziyana baxmayaraq, ölkə iqtisadiyyatı öz müvazinətini itirmədi".
Digər tərəfdən qeyd edək ki, bu gün artıq Azərbaycan “Qayıdış” prosesinə start verib. Dünyada analoqu olmayan layihəni icra edərək 30 ildən sonra ən müasir texnoloji təchizata malik qəsəbə tikilib istismara verilib. Artıq ağıllı kənd olan Zəngilan rayonunun Ağalı kəndinə köç başlanılıb. Bu işlər, mina təmizlənməsi, Şuşanın yenidən qurulması, yol infrastrukturunun yaradılması və ən əsası, hava limanlarının tikilməsi ilə bir arada görülüb.
Həyata keçirilən işlərlə bağlı Y.Babanlı vurğulayıb ki, belə unikal infrastrukturun qurulması iqtisadi yüksəlişin əyani göstəricisidir:
"Bütün bunlar əsrin müqaviləsi ilə Azərbaycanın təbii sərvətlərindən dövlət maraqlarına uyğun düzgün istifadə edilməsinin nəticəsidir. Yəni, ölkəmizin karbohidrogen ehtiyatlarından və tranzit imkanlarından siyasi və iqtisadi təhhlükəsizlik istiqamətində müdrikcəsinə bəhrənilməsidir. Mübaliğəsiz demək olar ki, bütün bunların əldə edilməsi mahir strateq kimi möhtərəm Prezident İlham Əliyevin intellekti və nüfuzunun göstəricisidir".
Planlı şəkildə reallaşdırılan layihələr deməyə əsas verir ki, dünya iqtisadiyyatının tənəzzülünün qarşısının alınması üçün Azərbaycan modeli öyrənilməli və tətbiq olunmalıdır. Bu əslində ölkəmizin bəşəriyyətə bir töhfəsidir.