Azərbaycanın, Qazaxıstanın və Gürcüstanın birgə yaratdığı "Middle Corridor Multimodal Ltd." şirkəti bu ilin sonunda fəaliyyətə başlaya bilər.
Bunu “Report”a Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.
O qeyd edib ki, ötən il Tbilisidə keçirilən “İpək Yolu” forumu çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC tərəfindən paritet əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.
F.Əliyev vurğulayıb ki, şirkət baş ofisi Astanada olmaqla Orta Dəhliz çərçivəsində vahid operator rolunu oynayacaq: "Şirkət Orta Dəhliz üzrə sifarişlərin qəbulu, icra edilməsi, bu istiqamətdə operatorların və dövlət qurumları arasında əlaqələrin qurulması istiqamətində fəaliyyət göstərəcək. Hazırda hüquqi prosedurlar icra edilir. "Middle Corridor Multimodal Ltd."nin qeydiyyatı tamamlanıb, lakin ilkin təşkilatı struktur məsələləri həll edilməlidir. Səhmdarlar, idarə heyəti, katiblik kimi məsələlər formalaşdırılmalıdır. Bunun ən uyğun variantı müzakirə edilir".
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.