Oğuzda zibil problemi, əhali və bələdiyyə bir-birini günahlandırır

Oğuzda zibil problemi, əhali və bələdiyyə bir-birini günahlandırır Oğuz rayonunun dağlıq ərazidəki Baş Daşağıl kəndində məişət tullantıları ilə bağlı çətinliklər yaranıb.
İnfrastruktur
27 İyun , 2024 14:43
Oğuzda zibil problemi, əhali və bələdiyyə bir-birini günahlandırır

Oğuz rayonunun dağlıq ərazidəki Baş Daşağıl kəndində məişət tullantıları ilə bağlı çətinliklər yaranıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qeyd olunan problem Baş Daşağıl kəndinin girişindən keçən eyni adlı çayın kənarında daha qabarıq müşahidə edilir.

Kənd sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, həmin ərazidə nəzarətsiz atılan məişət tullantıları ilə yanaşı, ölmüş ev heyvanlarının cəsədlərinə də rast gəlmək mümkündür. Bu isə antisanitariya təhlükəsizi artırır.

Sakinlərinin sözlərinə görə, ümumiyyətlə, kənddə indiyə qədər nə zibil qabları olub, nə də zibilin atılması üçün konkret yer müəyyən yer ayrılıb. Bu səbəbdən də sakinlər məişət tullantılarını kəndin kənarındakı çay kənarına atmaq məcburiyyətində qalır.

Ərazinin zibillənməsi oranı həm də sahibsiz itlərin məskəninə çevirib. Sakinlər bildiriblər ki, problemin həlli üçün kənd bələdiyyəsinə dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb.

Baş Daşağıl kənd bələdiyyəsinin sədri Maarif Şirinov isə "Report"un yerli bürosuna açıqlamasında ərazinin çirklənməsinə görə kənd sakinlərini günahlandırıb:

"Yaxınlıqda məişət tullantılarının atılması üçün xüsusi xəndək olsa da, bəzi vətəndaşlar tullantıları o xəndəyə deyil, ətrafa atır. Buna baxmayaraq, bələdiyyə tərəfindən yaxın günlərdə əraziyə texnika cəlb olunacaq, məişət tullantıları həmin xəndəyə atılacaq və ərazi zibildən təmizlənəcək".

Son xəbərlər

Orphus sistemi