Oğuz-Şəki avtomobil yolunda təmir davam edir

Oğuz-Şəki avtomobil yolunda təmir davam edir Oğuz-Şəki avtomobil yolunun 31,5 km-lik əsas hissəsi 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması davam etdirilir.
İnfrastruktur
6 İyul , 2021 10:03
Oğuz-Şəki avtomobil yolunda təmir davam edir

Oğuz-Şəki avtomobil yolunun 31,5 km-lik əsas hissəsi 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması davam etdirilir. Bunun üçün yol boyu genişləndirmə işləri aparılaraq yolun hərəkət hissəsinin eni 9 metrə çatdırılır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Yol əsası hazır olan hissələrə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Həmçinin Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni ötürücünün inşası həyata keçirilib. Yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.

Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə görülən işlərdəndir.

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9.1 km uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri işləri aparılıb. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.

3,4 km-lik Oğuz və 3,2 km-lik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.

Təbii ki, yenidənqurma işlərinin sonunda yol boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Son xəbərlər

Orphus sistemi