Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsinin qiymətləndirilməsi hələ başa çatmayıb.
"Report" xəbər verir ki, bunu yolla bağlı bu gün Bakıda keçirilən ictimai dinləmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib.
"İki ilə yaxındır ki, bu barədə müzakirələr aparılır. Həmin yol sürüşmə zonasında yerləşir, meşə fondunun, xüsusi mühafizə və bələdiyyə torpaqlarının ərazisinə düşür. Ərazinin 22,6 hektarı meşə, 5,1 hektarı xüsusi mühafizə olunan torpaq, 20 hektarı isə bələdiyyə torpağıdır. Yenidənqurma nəticəsində yolun uzunluğu 9,7 km qısalaraq 76,8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq", - deyə o qeyd edib.
İctimai dinləmələrdə çıxış edən "Gidrotransproyekt" Elmi Tədqiqat Mərkəzinin direktoru Natiq Əliyev isə bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun eni normadan 8 metr az olacaq. O, bunu ekoloji təhlükəsizliklə izah edib: "Yolun texniki vəziyyəti yaxşı deyildi, təhlükəsizlik baxımından maneələr var idi. Dövlətin son illər bu məsələyə diqqəti artıb. Bu regionda turizmin inkişafı etdirilməsi üçün tapşırıqlar var. Ayrı-ayrı obyektlər tikilib istifadəyə verilib. Bu obyektlərə, eyni zamanda rayon mərkəzinə təhlükəsiz çatmaq üçün yolun normalara uyğun və geniş olması çox mühümdür. Normalara uyğun olaraq 4 zolaqlı yolun eni 25 metr olmaldır. Amma orada yolun sağında və solunda meşə əraziləri var. Bu halda mənfi ekoloji təsirlər çox olur. Nazirlər Kabinetinin qərarı ilə xüsusi hallarda icazə verilən normalara uyğun olaraq yolun eninin 17 metr olmasına qərar verdik. Bu, normadan 8 metr azdır. Amma bu halda təhlükəsizlik normaları təmin olunur".
Daha sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Layihələrin və Ekoloji Normativ Sənədlərin Ekspertizası şöbəsinin müdiri Mübariz Əliyev isə bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması zamanı yaşayış sahələrinə zərər dəyməyəcək. Onun sözlərinə görə, hazırda torpaq sahəsinə və ağaclara dəyəcək zərər hesablanır: "Bu zərərə görə layihənin icrası çərçivəsində dövlətin ayırdığı vəsait hesabına podratçı şirkət ödənişi təmin edicək. Məsələn, İsmayıllının Talıstan meşəsində 1 433 ağac, Qalıncaq meşəsində 2 135 ağac, Şahdağ milli parkı ərazisində 1 795 ağac, Yenikənd meşəbəyiliyi ərazisində 544 ağac və digər ərazilər də daxil olmaqla cəmi meşə fondu üzrə 4 918 ağacın, milli parklar üzrə 1 820 ağacın kəsilməsi və yaxud köçürüləcəyi məlum olub. Bunlar hamısı qiymətləndirilib hesablanacaq və yekun rəydə göstəriləcək".