Mirziyod Mirxamidov: "Özbəkistan yeni nəqliyyat dəhlizinin inkişafına tam dəstək verəcək"
- 03 iyun, 2026
- 14:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistan yeni nəqliyyat dəhlizinin inkişafına tam dəstək verməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Özbəkistanın "O'ztemiryo'lkonteyner"in İdarə Heyətinin sədri Mirziyod Mirxamidov Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Onun sözlərinə görə, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttinin tikintisi layihəsi hələ tam başa çatmasa da, marşrut üzrə artıq müəyyən həcmdə yükdaşımalar həyata keçirilir: "Belə ki, 2025-ci ildə bu xətt vasitəsilə təxminən 10 min konteyner daşınıb. 2026-cı ilin ilk beş ayı ərzində isə bu göstərici 6 min konteynerə yaxın olub. Mövcud dinamikanı nəzərə alaraq, ilin sonunadək daşımaların həcminin ötən illə müqayisədə 15-20 faiz artacağını gözləyirik".
O qeyd edib ki, marşrutun iştirakçılarından biri olan Özbəkistan və "O'ztemiryo'lkonteyner" şirkəti bu dəhlizin inkişaf perspektivlərinə böyük önəm verir: "Hazırda Özbəkistan ərazisində 18 yük terminalı və geniş logistika infrastrukturu bizim sərəncamımızdadır. Buna görə də, dəhliz üzrə yükdaşımaların genişlənməsi üçün bütün imkanlarımızı səfərbər etməyə və tərəfdaşlarımıza lazımi dəstəyi göstərməyə hazırıq".
Eyni zamanda, M. Mirxamidov bildirib ki, marşrutun rəqabət qabiliyyətinin daha da artırılması üçün təkmilləşdirilməli məqamların da mövcud olduğunu anlayır və bu istiqamətdə işlərini davam etdirir: "Bu dəhliz vasitəsilə daşımalar həyata keçirməkdə maraqlı olan müştərilərə bütün xidmətlərimizi və tarif təkliflərimizi təqdim etməyə hazırıq. Əməkdaşlıqdan məmnun olarıq".