Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tenderlərində bu vaxta kimi orta hesabla 7-8 podratçı şirkət iştirak edib.
“Report" xəbər verir ki, bunu MİDA-nın direktorunun müşaviri Zahid Vəliyev Təchizat Zənciri Liderləri Zirvəsində deyib.
"Bü günə kimi bütün tikintilərimiz tender vasitəsilə həyata keçirilib. Həmin tender açıq üsulla aparılıb. Bu zaman Agentlik olaraq əsas qayəmiz şəffaflıq və rəqabət mühitinin təmin etmək olub. Bunun bariz nümunəsi kimi Füzuli Yaşayış Kompleksini göstərmək olar. Belə ki, onun tikintisi üçün elan olunan tenderdə 19 podratçı şirkət iştirak edib", - deyə, o qeyd edib.
MİDA-nın tenderlərində Mənzil-Tikinti Kooperativlərinin (MTK) iştirak etməməsi məsələsinə aydınlıq gətirən Z. Vəliyev onların tenderdə iştirak hüququnun olmadığını diqqətə çatdırıb: "Bu onunla əlaqədardır ki, MTK-ların əsasnaməsinə görə onlar öz işini başa çatdırdıqdan 6 ay ərzində tikdiyi binanı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarəçiliyinə verməlidirlər".