"MİDA" 3,7 mln manatlıq tenderlərə yekun vurub
- 15 avqust, 2020
- 05:49
"MİDA" MMC yaşayış binalarında mənzillərdə kombilərin quraşdırılması, abadlıq işlərin aparılması və yaşıllaşdırması, kanalizasiya şəbəkəsinin quraşdırılması ilə bağlı 3 tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "İnteqral" QSC, "11 Saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC və "İnşaat" İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsidir.
Məlumata görə, tenderlər Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yerləşən 15,4 ha torpaq sahəsində inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılması (1), Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması, səkilər və yollar, abadlıq işlərin aparılması və yaşıllaşdırması (2), eləcə də Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsi (3) ilə bağlıdır.
Qalib şirkətlərə müvafiq olaraq 1 mln 017,1 min manat, 1 mln 588,2 min manat və 1 mln 117,7 min manat, ümumilikdə isə 3 mln 723 min manat ödəniləcək.