Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksi layihəsinin 2-ci mərhələsi üzrə mənzilləri satışa çıxarıb.
"Report" MİDA-ya istinadən xəbər verir ki, söhbət 4 saylı bina üzrə 64, 6 saylı bina üzrə 44, 18 saylı bina üzrə 44, 21 saylı bina üzrə 44, 22 saylı bina üzrə 39, 23 saylı bina üzrə 39, 24 saylı bina üzrə 24, 25 saylı bina üzrə 72 və 26 saylı bina üzrə 72 mənzildən (ümumilikdə 442 mənzil) gedir.
Satış 30 mart saat 11:00-da başlayacaq, 8 aprel saat 11:00-a qədər davam edəcək. “Mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında seçim 4 aprel 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 8 aprel 2022-ci il tarixi saat 11:00-a qədər davam edəcək.
Prezidentin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib, inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 29.11.2018-ci il tarixli 26 396, 07.12.2018-ci il tarixli 26 436 nömrəli müsbət rəyləri mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilib.