Oktyabrın 3-də Prezident İlham Əliyev tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında təməli qoyulan müəssisələr 2025-ci ildə fəaliyyətə başlayacaq.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov deyib.
O xatırladıb ki, Prezident İlham Əliyev tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyindəki “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir sıra sənaye müəssisələrinin təməlqoyma mərasimi keçirilib: “Belə ki, 3 müəssisəsinin təməli qoyulub. Sənaye parkının ərazisində təməli qoyulan müəssisələr arasında dezinfeksiyaedici, ağardıcı, maye yuyucu və tamet daşlarının istehsalı ilə məşğul olan zavodlar inşa ediləcək. O cümlədən, burada mebel klasterinin formalaşdırılması həyata keçiriləcək. Bu layihələrin həyata keçirilməsinə 60 milyon manatdan çox investisiyanın qoyulması, ümumilikdə birinci mərhələdə 950 nəfərdən artıq adam üçün daimi iş yerlərinin yaradılması nəzərdə tutulub. Növbəti mərhələdə iş yerlərinin artırılması hədəflənir”.
O qeyd edib ki, ümumiyyətlə sənaye parkı 200 hektar ərazini əhatə edir: “Park logistika imkanları baxımından əlverişli ərazidə yerləşir. Sənaye parkı dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Hazırda sənaye parkına sahibkarlar tərəfindən böyük maraq var, məhz bunun nəticəsidir ki, 13 sahibkarlıq subyektinə rüzidentlik, 1 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. 14 sahibkarlıq subyektinə tərəfindən sənaye parkına 134 milyon manata yaxın investisiyanın yatırılması, ümumilikdə 2 000-dən artıq daimi iş yerlərinin yaradılması planlaşdırılır. Sənaye parkında bu günə qədər görülmüş işlərə rezidentlər tərəfindən 20 milyon manatdan çox investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb. İşə götürmə prosesində əsasən Cəbrayıl və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir”.
Agentlik rəsmisi bildirib ki, təməli qoyulan müəssisələrin 2025-ci ildə fəaliyyə başlaması planlaşdırılır: “Müəssisələrdə istehsal edilən məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldilməsi, növbəti mərhələdə isə xarici bazarlara çıxarılması planlaşdırılır: “Hazırda sənaye parkında qeydiyyatdan keçən rezidentlərin çoxu tərəfindən layihələndirmə, tikinti-quraşdırma işləri aparılır. Sənaye parkında sement istehsalı müəssisəsinin, o cümlədən minatəmizləmə avadanlıqlarının istehsalı müəssisələrinin inşası sürətlə davam etdirilir. Bu müəssisələrin də növbəti illərdə fəaliyyətə başlanması planlaşdırılır. Hazırda park ərazisində 1 müəssisə fəaliyyətdədir. Bu da "Avtolizinq Azərbaycan" müəssisəsidir ki, burada da kənd təsərrüfatı texnikalarına, yük maşınlarına servis xidməti göstərilir”.
O qeyd edib ki, “Araz Vadisi İqtisadi Zonası”nda sahibkarların fəaliyyəti üçün əlverişli mühit yaradılıb: “Burada rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. O cümlədən, rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, habelə idxal etdikləri texnika və texnoloji avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad edilib. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə güzəştlər də təklif edilir. Onlara güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal ödənişlərə 20 % güzəşt, o cümlədən Nazirlər Kabinetinin müəyyən etdiyi xammal və bir sıra məhsullara görə isə idxal zamanı ƏDV və gömrük rüsumlarından tam azad edilir”.
Foto: Ehtiram Cəbiyev