Azərbaycan su və iqlimlə bağlı intensiv tədbirlərin görülməsi baxımında lider ölkədir.
Bunu “Report”a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.
“Azərbaycanı Bakı Su Həftəsini təşkil etdiyinə görə təbrik edirəm. Düşünürəm ki, su ilə bağlı gördüyümüz işlər qlobal səviyyədə önəmlidir. Azərbaycanda COP29 da keçiriləcək, bu da olduqca əhəmiyyətli, nəhəng tədbirdir", - deyə o qeyd edib.
Səfir həmçinin bildirib ki, ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlıq müxtəlif sahələrdə özünü göstərir: "Bu sahələrdən biri də sudur. İsrail artıq Azərbaycanda su sahəsində fəaliyyət göstərən bir çox şirkətlərlə əməkdaşlıq edir. Keçən il İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti Azərbaycanın su strategiyasına dair hesabat hazırlamaqla bağlı aidiyyəti dövlət qurumu ilə saziş imzalayıb. Bu hesabat növbəti həftələrdə hazır olacaq. Bu əməkdaşlıq həmçinin Azərbaycanda suyun duzsuzlaşdırılması zavodunun tikilməsini nəzərdə tutur. Artıq bununla bağlı tender də keçirilib”.
Xatırladaq ki, “Mekorot” Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırmaqla bağlı layihə təklif edib.