Bakı. 22 noyabr. REPORT.AZ/ İslam İnkişaf Bankının (IDB) missiyasının Azərbaycana səfəri başlayıb. “Report”un əldə etdiyi məlumata görə, missiyaya kənd yerlərində infrastrukturun inkişafı üzrə baş mütəxəssis Xalid Əhməd başçılıq edir.
Missiyanın səfərinin məqsədi Bankın Azərbaycanda həyata keçirdiyi “Kənd yerlərinin kompleks inkişafı Layihəsi"nin icrasını yoxlamaqdan ibarətdir.
Noyabrın 25-də bitəcək səfər zamanı qonaqlar adıçəkilən layihənin icra edildiyi Yevlax və Ağdaş rayonlarında olacaq, İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə görüşəcəklər.
Xatırladaq ki, IDB “Kənd yerlərinin kompleks inkişafı Layihəsi" çərçivəsində Azərbaycanın Yevlax və Ağdaş rayonlarında suvarma sistemlərinin təkmilləşdirilməsi üçün 66,4 mln. ABŞ dolları həcmində kredit ayırıb. Layihə çərçivəsində adıçəkilən rayonların 72 min hektardan artıq torpaq sahəsinin suvarılma sisteminin yaxşılaşdırılması nəzərdə tutulur.
“Kənd yerlərinin kompleks inkişafı Layihəsi"nin icrası çərçivəsində Yevlax rayonu üzrə keçirilən tenderin qalibi “Azəraqrartikinti” ASC olub. Qalib təşkilat 27,978 mln. manat vəsaitlə ümumilikdə 39 849 hektar ərazidə suvarma-drenaj infrastrukturunda təmir-bərpa işləri görəcək.
Layihə çərçivəsində Ağdaş rayonu üzrə elan edilmiş satınalma müsabiqəsinin vaxtı avqustun 16-da başa çatsa da, hələlik Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi qalib təşkilatı elan etməyib.