Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını, Bankın maliyyə dəstəyi ilə dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barədə müzakirələr aparıb.
"Report" bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov EBRD-nin infrastruktur üzrə baş bankiri Yelena Qordeya ilə görüşüb. Bankın maliyyə dəstəyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, həmçinin nəqliyyat infrastrukturunun modernizasiyası üzrə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayan sədr 2017-2021-ci illərdə Bankın dəstəyi ilə dəmir yollarında elektrik təsərrüfatının optimallaşdırılması və enerji səmərəliliyi məqsədilə reallaşmış texniki məsləhət layihəsinin əhəmiyyətini qeyd edib.
R.Rüstəmov həmçinin sosial-iqtisadi inkişafa dair Azərbaycan 2030: Milli Prioritetlər proqramının “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”, “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” istiqamətləri üzrə görülən işlər, o cümlədən ADY-nin bu yaxınlarda BMT-nin Qlobal Sazişinə üzv olması ilə dayanıqlı inkişaf məqsədlərinə nail olmaq təşəbbüsü barədə ətraflı məlumat verib.
EBRD-nin rəsmi nümayəndəsi də öz növbəsində gələcəkdə ADY-nin infrastruktur layihələrinin maliyyələşdirilməsinə hazır olduğunu bildirib.