Bakı. 9 oktyabr. REPORT.AZ/ "Əlbəttə, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, eyni zamanda, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılıb: "Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir.
İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.
Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir".
Azərbaycan Prezidenti qeyd edib ki, valyuta ehtiyatlarımız artır: "Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir.
Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır.
Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək. Bu barədə bu gün danışılacaq ki, öz iqtisadi potensialımızdan maksimum istifadə edə bilək.
Əlbəttə, qeyd etdiyim kimi, ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. O cümlədən dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır. Misal üçün, bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir. Bu zavodun açılışında İtaliya Prezidenti mənimlə birlikdə iştirak etmişdir. İlin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək. Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur. Əlbəttə, bizim qeyri-neft sənayemizin inkişafı üçün bu zavodların böyük əhəmiyyəti olacaq. Ölkəmizə böyük həcmdə valyuta gələcək. İlin sonuna qədər azot gübrəsi zavodu istifadəyə verilməlidir. Orada da sərmayələr yüz milyonlarla dollar həcmindədir.
Yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək. Biz bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Yəni, həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu il bir çox sənaye müəssisələri açılmışdır və bu proses davam etdiriləcək".