Dövlət Gömrük Komitəsinin (DGK) sədri Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olub.
Komitədən "Report"un yerli bürosuna verilən məlumata görə, DGK-nın sədri Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsində görülən işlər, mövcud vəziyyətlə tanış olub, Azərbaycan-Türkiyə sərhədində yerləşən Sədərək dövlət sərhədindən buraxılış məntəqəsində idxal və ixrac nəzarət xətlərində prosedurların icrasını, nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərini izləyib. Həmçinin əməliyyatların daha da asanlaşdırılması, beynəlxalq tranzitin sürətləndirilməsi, gömrük işinin səmərəliliyinin artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda Sədərək dövlət sərhədindən buraxılış məntəqəsinin yaxınlığında inşa edilən yük nəqliyyat vasitələrinin müvəqqəti dayanacaq məntəqəsindəki tikinti işlərinin gedişi ilə də tanış olan Komitə sədri müvafiq tapşırıq və tövsiyələrini verib.