Bu il "Bakı Metropoliteni" QSC daha 6 güclü ventilyator alaraq tunellərdə quraşdıracaq.
"Report" xəbər verir ki, bununla əlaqədar Rusiyanın Artyomovsk şəhərindəki “Ventprom” maşınqayırma zavodu ilə müqavilə imzalanıb.
Bundan əvvəl Bakı metrosu bu sahədə fəaliyyət göstərən müəssisə və sistemləri dərindən araşdıraraq, ən optimal variantı seçib. Rusiya şirkətinin ventilyatorları keyfiyyəti, texniki parametrləri ilə dünyadakı digər analoqlarından üstün və səmərəsi ilə seçilir. Bununla yanaşı, bu avadanlıq iqtisadi cəhətdən daha münasibdir. Onun texniki qulluğu, təmir-təftiş prosesi daha rahatdır. Elektrik enerjisinə daha çox qənaət edir və idarəetmə şkafları tezlik çevricilidir. Şirkət server qulluğunu digər əcnəbi istehsalçılarla müqayisədə bir neçə dəfə tez - iki həftə ərzində yerinə yetirir. Həmçinin server qulluğu daha sadə və asandır.
Sifariş edilən ventilyatorlar təyinatına görə 2 tiplidir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 4-ü “VOM 24-R” tipli olmaqla 75 kVt gücə malikdir. Onlar tunellərin havalandırılması üçün nəzərdə tutulub. Daha 2 ventilyator 55 kVt gücə malik olmaqla “VOM 20” tiplidir. Onlar stansiya və onlara yaxın tunellərin havalandırılmasına xidmət edəcəklər.
Əvvəlki avadanlıqlarla müqayisədə yeni ventilyatorlar daha güclü və məhsuldar olmaqla, quraşdırılacağı stansiya və tunelləri 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edəcək.
Onların idarə edilməsi də müasir dövrün tələblərinə uyğun olaraq, mərkəzləşmiş qaydada aparılacaq. Bu məqsədlə fiberoptik kabelləşmədən və müasir texnoloji idarəetmə şkaflarından istifadə olunacaq. Yeni ventilyatorlar həm də təhlükəsizliyin artırılması, xüsusən fövqəladə hallarda rejimdən rejimə daha sürətli və çevik keçid imkanına malikdir.
Yeni ventilyatorlar Qırmızı xəttin “Qara Qarayev-Neftçilər”, “Əhmədli-Həzi Aslanov” mənzillərində, həmçinin Yaşıl xəttin “Cəfər Cabbarlı” və “Xətai” stansiyalarının aidiyyəti sahələrində quraşdırılacaq.
Bununla yanaşı, metropolitenin tunel və stansiyalarında təbii havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində də işlər planlı şəkildə davam etdirilir. Bu məqsədlə, 2022-ci ildə dempferlərin alınaraq quraşdırılması da nəzərdə tutulub.