Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub

Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub 19-20 sentyabrda Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.
İnfrastruktur
20 Sentyabr , 2024 16:48
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub

Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Azərbaycan,Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən ADY-nin sədri Rövşən Rüstəmov bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır. Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir.

“Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir. Bu multimodal marşrutun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması, marşrut boyu koordinasiyanın və ümumilikdə marşrutun inkişafının səmərəli təşkili məqsədilə kollegial orqanın – assosiasiyanın təsis edilməsi ehtiyacı yaranıb”, – R.Rüstəmov qeyd edib.

ADY sədri bildirib ki, Xəzərin Qərb tərəfində BTQ xətti ilə yanaşı, Orta Dəhlizin daha bir qolu olaraq Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq, Orta Dəhlizlə Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın həm özü, həm də tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir.

“Xəzərin Şərq tərəfinə gəldikdə isə Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçərək Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsi ilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta Dəhlizlə Trans-Əfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da var”, – R.Rüstəmov əlavə edib.

ADY sədri çıxışında qeyd edib ki, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün strukturlu iş aparılmalı, dəhliz konsepsiyası inkişaf etdirilməli, tarif siyasəti formalaşdırılmalı, əməliyyatların effektivliyinin artırılması, daha sürətli və təhlükəsiz daşımalar üçün Orta Dəhliz üzrə rəqəmsal həllərin yeni marşrutda tətbiqi imkanları öyrənilməli və tətbiq edilməlidir.

ADY artıq Orta Dəhlizin inkişafı üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlarda fəal iştirak edir. İslahatlar nəticəsində Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradılıb. TBNM çərçivəsində Azərbaycanın Gürcüstan və Türkiyə ilə uğurlu əməkdaşlığı davam edir. Yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məqsədi isə Orta Dəhlizin passiv olan cənub qanadında yerləşən ölkələrin aktiv fəaliyyətə cəlb edilməsi ilə daha da genişləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi