Bakı. 16 dekabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars" dəmir yolu magistralının tikintisi çərçivəsində, yolun Gürcüstan hissəsində yük qatarı sınaqdan keçirilib. Sınaq uğurla başa çatıb.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatında bildirilir.
Qatarın Axalkalaki-Kartsaxi hissəsində sınağı "Marabda-Kartsaxi Dəmir Yolu" MMC və "Azərbaycan Dəmir Yolları" QSC-nin Gürcüstan filialı tərəfindən təşkil olunub.
""Marabda-Kartsaxi dəmir yolu" MMC-nin nümayəndələri bunun layihənin uğurla başa çatdırılması istiqamətində daha bir addım olduğunu bəyan ediblər", - deyə nazirliyin məlumatında bildirilir.
"Bakı-Tbilisi-Qars" dəmir yolunun Gürcüstan hissəsinin inşası əməli olaraq başa çatıb. Layihə Gürcüstan ərazisində Marabda-Axalkalaki dəmir yolu xəttinin bərpa-yenidənqurmasını və Axalkalakidən Türkiyə ilə sərhədə qədər yeni dəmir yolu xəttinin çəkilməsini nəzərdə tutur.
" "Bakı-Tbilisi-Qars" layihəsi Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yol xəttlərini birləşdirəcək yeni nəqliyyat dəhlizinin bir hissəsidir. Bu layihənin reallaşdırılması nəticəsində Asiyadan Türkiyə vasitəsi ilə Avropaya dəmir yolu dəhlizi açılacaq", — deyə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili bildirib.
Azərbaycan tərəfi "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttinin işə salınmasının 2016-ci ilin sonuna planlaşdırıldığını bildirir.