2017-2022-ci illərdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 1 milyon 347 min 585 ton, təkcə ötən il isə 432 min 284 ton yük daşınıb.
“Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
"Bu marşrut üzrə yük daşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilir", - deyə qurum bəyan edib.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.