Bakı Nəqliyyat Agentliyi avtobus sürücülərinin etirazına münasibət bildirib

Bakı Nəqliyyat Agentliyi avtobus sürücülərinin etirazına münasibət bildirib 140 nömrəli müntəzəm marşrut xətti üzrə bir qrup sürücü agentliyə müraciət edib
İnfrastruktur
229
7 Aprel , 2021 14:18
Bakı Nəqliyyat Agentliyi avtobus sürücülərinin etirazına münasibət bildirib

Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər əvvəl “BMH” MMC ilə əməkdaşlıq edən avtobus sürücülərinin, əmək haqlarının verilməməsi və gündəlik yığım planının artırılması ilə bağlı keçirdiyi etiraz aksiyasına münasibət bildirib.

Qurum bununla bağlı "Report"un sorğusuna cavab olaraq bəyan edib ki, sözügedən şirkətin müvəqqəti istismarında olan 140 nömrəli müntəzəm marşrut xətti üzrə bir qrup sürücü Agentliyə müraciət edib:

"Onların müraciətləri dinlənilib. İstər gündəlik yığımın məbləği, istərsə də əmək münasibətlərinə dair məsələlər Bakı Nəqliyyat Agentliyinin səlahiyyətlərinə aid olmadığından sürücülərə müvafiq dövlət qurumuna müraciət etmələri tövsiyə edilib.

“BMH”nin direktoru Bəxşəli Mirzəyev BNA-ya çağırılıb. Sürücüləri narahat edən məsələlərin həll edilməsi, sərnişin daşımalarının qanunvericiliklə müəyyən edilmiş norma və standartlara uyğun təşkil olunmasına dair tapşırıqlar verilib. Bu məsələdən çıxış edərək bir daha ictimai nəqliyyatda nağdsız ödənişə inteqrasiyanın vacibliyini qeyd etmək istərdik. Aparılan müşahidələr və təcrübə də onu göstərir ki, nağdsız ödəniş sisteminin tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Nağdsız ödəniş sistemi sayəsində eyni zamanda dövriyyənin şəffaflaşdırılması və vergi ödəmələrinin artırılması da təmin edilir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.

Bu səbəbdən də sərnişindaşımalarda nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 52 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Nəticədə sərnişindaşımanın ümumi dövriyyəsinin 33%-i şəffaflaşdırılıb. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq”.

Son xəbərlər

Orphus sistemi