“Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasim “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovun iştirakı ilə baş tutub.
O deyib ki, Bakı Limanı Avropa və Asiya arasında mühüm nəqliyyat infrastrukturu nöqtəsidir: "Biz kontinentləri bir araya gətirməklə, fərqli ölkələrin Avropa-Asiya bağlantısını təşkil edirik. Bu digər qovşaqları təkrar etməyəcəyik. Biz 21-ci əsrin məhsulunu yaradacağıq, liman yaşıl, dayanıqlı və rəqəmsaldır. Bizim belə arzumuz var ki, dəhliz boyu nöqtələr eyni olmalıdır”.
Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır.
"Ölkəmizin bu dəhlizlərdə rolu artıb. Son 1 ildə Azərbaycan ərazisi ilə tranzit yük daşımalarında 75 % artım olub. Azərbaycan nəqliyyat infrastrukturuna milyardlarla dollar vəsait yatırıb, yeni beynəlxalq hava limanları inşa edib, dəniz nəqliyyatı infrastrukturunun inkişafı üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yanında Azad İqtisadi Zona yaradıb. Limanda yükaşırmanın illik həcminin 25 milyon tona çatdırılması, yeni terminalların inşası hədəflənir. İşğaldan azad edilmiş ərazilərdə də nəqliyyatın infrastrukturunun inkişafına xüsusi önəm verilir. İndiyə qədər Qarabağdakı işlərə 4,5 milyard manat pul ayrılıb", - deyə o qeyd edib.
Mərasimdə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko isə deyib ki, yeni layihənin icrasına başlanılması ilə tərəflər yeni tərəfdaşlığa qədəm qoyur.
"Azərbaycan Aİ-nın ticarət və nəqliyyat sahəsində vacib tərəfdaşıdır. İcrasına başlanılan layihə ikitərəfli əməkdaşlığın necə böyük və önəmli olduğunu göstərir. Biz yeni tərəfdaşlığa qədəm qoyuruq. Azərbaycan hökuməti ilə çox mühüm, yeni əməkdaşlığa başlayırıq. Bu, çox vacibdir, çünki bizim tərəfdaşlığımız tranzit sahəsinə fokuslanacaq və əsas prioritetlərin üzərində olacaq. Rəqəmsal tranzit daşımaların inkişafı bilavasitə yaşıl dəhlizin inkişafı ilə bağlıdır, düşünürəm ki, 21-ci əsrin gündəmində olan məsələdir".
"Bu ilin əvvəlində elan edilmiş investisiya layihələrinə əsasən, Aİ Azərbaycana 2 milyard avro yatıra bilər. Bu vəsait nəqliyyata, rəqəmsallaşmaya, "yaşıl" inkişafa yönəldilə bilər", - deyə səfir əlavə edib.
Layihənin əsas məqsədi, Şərqlə Qərb arasında körpü rolunu oynayan və mühüm strateji mövqeyə sahib Bakı Limanında liman əməliyyatlarının, Yaşıl Liman siyasətinin tətbiqi imkanlarının, o cümlədən ticarət və investisiya fəaliyyətlərinin gücləndirilməsi, Limanın təlim mərkəzinin inkişaf etdirilməsi ilə region və bütün dəhlizin inkişafına dəstək olmaqdır. 15 ay davam etməsi nəzərdə tutulan tədbir çərçivəsində xüsusi ilə inteqrasiya olunmuş logistik idarəetmə sisteminin inkişafı, Limanın yeni beynəlxalq sertifikatları əldə etməsinə, Avropanın inkişaf etmiş limanları ilə daha sıx qarşılıqlı əlaqənin təmini üçün çalışılacaq. Bütün bu addımların, regional mərkəzi kimi Bakı Limanının inkişafına dəstək olmaqla yanaşı, regiondakı limanların və logistika mərkəzlərinin də inkişafı üçün müsbət zəmin formlaşdıracağı gözlənilir.
Qeyd edilib ki, 2016-cı ildən etibarən Aİ-nin dəstəyi ilə Bakı Limanı yaşıl liman əməliyyatları, rəqəmsallaşma və davamlı inkişaf sahəsində 5 TAİEX və 3 uzunmüddətli texniki yardım layihəsini uğurla həyata keçirib. Bu gün açılışı olan layihə isə liman infrastrukturuna, beynəlxalq sertifikatlaşdırma tələblərinə, Rəqəmsal HR Sisteminin işə salınmasına, Bakı Limanı Təlim Mərkəzinin regional mərkəz kimi inkişafına, enerji mənbələrinin və təchizat zəncirinin şaxələndirilməsinə, Yaşıl Liman siyasətinin daha uğurlu icrasına, eyni zamanda Logistika mərkəzi olan Bakı Limanına biznes və investisiya cəlbinə dəstək olunması imkan yaradır.