"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC müasir infrastruktur imkanlarını artırır, bununla da dəniz və logistika sənayesinin artan ehtiyaclarını ödəməyə çalışır.
"Report" xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Baş əməliyyat direktoru Eugene Seeh Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində Bakı Limanında təşkil edilmiş tədbirdə bildirib.
"Limanın strateji yeri onu bütün Avrasiya yolu ilə malların maneəsiz hərəkəti üçün mərkəzi düyün edir", - deyə o qeyd edib.
Xatırladaq ki, 14 may 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Bakı LLimanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.