Azərbaycanla İran arasında dəmir yolu ilə ticarət dövriyyəsi 33 % artıb
- 15 yanvar, 2024
- 15:19
İran təqvimi ilə bu ilin ilk 9 ayında (2023-cü il martın 21-dən dekabrın 22-dək) Tehran və Bakı arasında dəmir yolu ilə qeyri-neft məhsullarının mübadiləsi bir il əvvəlki dövrün göstəricisinə nisbətən 33 % artıb.
“Report”un İranın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Şimal Dəmir Yolu İdarəsinin baş direktoru Qulamhüseyn Vəladi bildirib.
Onun sözlərinə görə, Astara sərhəd terminalında təxminən 498 min ton mal mübadiləsi aparılıb.
Q. Vəladi əlavə edib ki, bu dövrdə dəmir yolu ilə Azərbaycandan İrana 152 268 ton qeyri-neft məhsulları idxal edilib: “Bu, daha əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 63 % artım deməkdir. 2022-ci il martın 21-dən dekabrın 22-dək Azərbaycandan İrana 93 min tondan çox mal idxal edilib”.
İran rəsmisi qeyd edib ki, 2023-cü il martın 21-dən dekabrın 22-dək dəmir yolu şəbəkəsi ilə Astara sərhəd terminalı vasitəsilə İrandan 136 min tondan çox mal ixrac edilib.
Qurum rəsmisi bildirib ki, dəmir yolu ilə Azərbaycana ixrac edilən əsas mallar arasında sement, kimyəvi məhsullar, kafel və ərzaq məhsulları, Azərbaycandan idxal olunan ən vacib mallar sırasında isə ağac, taxta-şalban, kimyəvi məhsullar, taxıl və s.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə isə, 2023-cü ildə Azərbaycanın İranla sərhəd yaxınlığında yerləşən Astara terminalı ilə yükdaşımaların həcmi 700 min tona yaxın olub.
“Hazırda terminalda bir aşırımlı avtomobil körpüsünün, üç aşırımlı Kəmərbənd körpüsünün, dörd bir aşırımlı dəmir yolu körpüsünün, 10 xidməti binanın və iki platformanın tikintisi davam etdirilir. Bu işlər başa çatdıqdan sonra 2024-cü ildə yüklərin daşınmasına başlanacaq. Terminalın gücü illik 3,5-4 milyon tona qədər artırılacaq”, - deyə, məlumatda deyilir.