Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Suqovuşan kəndi düşmən işğalından azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub.
“Report” xəbər verir ki, hazırda su anbarından buraxılan suyun nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub.
Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranıb. Bu ərazilərə öz axını ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq.
Qeyd edək ki, Suqovuşan su anbarı Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşir. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarı 28 il ərzində işğal altında olub.
Bu səbəbdən Tərtər rayonunun 24 481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6 938 ha, Yevlax rayonunun 5 912 ha, Bərdə rayonunun 12 620 ha, Ağdam rayonunun 29 886 ha və Ağcabədi rayonunun 2 000 ha, ümumilikdə isə 96 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaratmışdı.
Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək ümumi suburaxma qabiliyyəti saniyədə 70 kbm olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kbm olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi.
Xatırladaq ki, Suqovuşan kəndi 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Bu şad xəbəri əhaliyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev elan edib.