Azərbaycan və İraq logistika və tranzit əlaqələrini müzakirə edəcək

Azərbaycan və İraq logistika və tranzit əlaqələrini müzakirə edəcək Azərbaycan və İraq arasında logistika və tranzit əlaqələri müzakirə ediləcək.
İnfrastruktur
17 Sentyabr , 2024 15:54
Azərbaycan və İraq logistika və tranzit əlaqələrini müzakirə edəcək
Abdulrazaq Al-Zuheyri

Azərbaycan və İraq arasında logistika və tranzit əlaqələri müzakirə ediləcək.

"Report" xəbər verir ki, bunu İraqın Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri Bakıda keçirilən Azərbaycan-İraq biznes forumda bildirib.

Onun sözlərinə görə, müzakirələr sabah Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş çərçivəsində baş tutacaq.

"Azərbaycan və İraq arasında iqtisadi münasibətlərin inkişafı üçün logistika və tranzit məsələlərinin genişləndirilməsi önəmlidir", - deyə qonaq qeyd edib.

İraq rəsmisi həmçinin əlavə edib ki, bu gün iki ölkə arasında yaradılmış Biznes Şurası ikitərəfli əməkdaşlığı gücləndirəcək.

Azərbaycan-İraq biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İraq Ticarət Palataları Federasiyası arasında Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında razılaşma sənədi imzalanıb. Biznes Şuranın sahibkarlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynamaqla, iqtisadi əlaqələrin gücləndirilməsi və ticarət imkanlarının artırılması istiqamətində mühüm addım olacağı qeyd olunub.

Biznes forum İqtisadiyyat Nazirliyinin və İraqın Ticarət Nazirliyinin dəstəyi, AZPROMO və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Forumda biznes nümayəndələri arasında fəaliyyətin əlaqələndirilməsi, özəl sektorda, ticarət, enerji və turizm sahələrində əməkdaşlıq potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi