"Laçın Beynəlxalq Hava Limanının uzunluğu 2,4 km olacaq tunelin 350-400 metrlik hissəsi artıq hazırdır".
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağdakı layihələr üzrə mühəndisi Əyyub Hüseynov "Report"un Laçına ezam olunmuş əməkdaşına bildirib.
"Tunel 2 hissədən - iki gediş və iki gəliş yolundan ibarətdir. Hər bir tunelin hündürlüyü 8 metr, nəqliyyat vasitələrinin hərəkəti üçün icazə verilən hündürlüyü isə 5,5 metrdir. Tunellərin eni 12 metr olsa da, burada hərəkət hissəsi 8 metrdir. Tunellər bir birindən 18 metr məsafədə yerləşir", - deyə o, qeyd edib.
AAYDA rəsmisi onu da bildirib ki, Kəlbəcər-Laçın avtomobil yolu üzərində ümumilikdə 12 tunel, 26 körpü olacaq ki, bu da mövcud 109 km-lik yolun 33 km qısalaraq 76,3 km-ə düşməsinə imkan verəcək.
"Hazırda gördüyünüz tunel isə yolun 32-ci km-də yerləşir və sayca 7-ci tuneldir", - deyə Ə.Hüseynov əlavə edib.