Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun sədri seçilib

Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun sədri seçilib Azərbaycan yekdil səslə 2025-2026-cı illər üçün tarixdə ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib.
İnfrastruktur
25 May , 2023 13:56
Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun sədri seçilib

Azərbaycan yekdil səslə 2025-2026-cı illər üçün tarixdə ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun sədri seçilib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirlib.

Məlumata görə, bununla bağlı qərar bu gün Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı Sammiti çərçivəsində təşkil olunmuş Nəqliyyat Nazirlərinin Şura iclasında qəbul edilib.

Tədbirdə iştirak edən nazir müavini Rəhman Hümmətov çıxış edərək ölkəmizə yüksək etimad göstərildiyinə görə Foruma üzv dövlətlərin nümayəndələrinə dərin təşəkkürünü bildirib, Azərbaycanın sədrliyi dövründə görüləcək işlər və prioritetlər barədə məlumat verib. O, həmçinin Orta Dəhliz üzrə tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizi haqqında danışıb.

Ölkəmizin yüksək nüfuza malik olan beynəlxalq təşkilata sədri seçilməsi bir daha Azərbaycanın regionda və dünyada, xüsusən də nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunun təzahürüdür. Beləliklə, ölkəmiz təşkilatın idarəetməsində birbaşa iştirak etmək imkanı əldə edib. Bu isə beynəlxalq müstəvidə ölkə maraqlarının, eləcə də sahəvi fəaliyyətlərə dəstəyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 2022-ci ildə təşkilata müraciət olunaraq ölkəmizin 2025-2026-cı illər üçün Beynəlxalq Nəqliyyat Forumunun sədrliyinə namizədliyi qeydə alınıb.

Azərbaycan 2025-2026-cı illər üçün Forumun sədri seçilməsi ilə 2023-2024-cü illər üçün sədr müavini, 2024-2025-ci illər üçün isə təşkilatın sədrinin I müavini vəzifələrini icra edəcək. Eyni zamanda ölkəmizin Forumun “Beynəlxalq Daşıma Keyfiyyəti Xartiyası”nın tələblərinin daxili qanunvericiliyə inteqrasiyası prosesini başa vurmasını təşkilata üzv dövlətlər yüksək qiymətləndirib.

Sammit çərçivəsində R.Hümmətov Forumun Baş katibi Yunq Ta Kim ilə ikitərəfli görüş keçirib. Görüşdə Azərbaycanın sədrliyi dövründə görüləcək işlər, eləcə də əsas əməkdaşlıq istiqamətləri müzakirə olunub. Həmçinin bir sıra şirkətlərin rəhbərləri ilə keçirilən görüşlərdə tərəfdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Beynəlxalq Nəqliyyat Forumunun 66 üzvü var. Azərbaycan 1998-ci ildən Forumun həqiqi üzvüdür.

Son xəbərlər

Orphus sistemi