Assosiasiyanın baş katibi Orta dəhlizin üstünlüklərini açıqlayıb

İnfrastruktur
  • 21 noyabr, 2023
  • 10:11
Assosiasiyanın baş katibi Orta dəhlizin üstünlüklərini açıqlayıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) ilə ötən il 33,6 min konteyner daşınıb.

"Report" xəbər verir ki, bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının baş katibi Qaydar Abdikerimov bu gün Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.

O bildirib ki, daşımaların həcmi daim artır: "Ölkələrin tranzit, ixrac, idxal və daşıma sferasına nəzarət edən bütün dövlət orqanlarının fəaliyyəti sinxronlaşdırılır. Uzunmüddətli dövr üçün rəqabətqabiliyyətli tariflərin müəyyən edilməsi nəzərdə tutulur".

Q. Abdikerimov əlavə edib ki, Orta dəhliz vasitəsilə Çindən Mərkəzi Asiyaya və Avropaya yüklərin daşınması həyata keçirilir: "TMTM Assosiasiyasına ilk dəstəyini Azərbaycan və Qazaxıstan göstərib, daha sonra isə Türkiyə, Çin, Ukrayna, Polşa, Rumıniya, Sinqapur, Litva qoşulub. Həmin ölkələr yüklərinin daşınması üçün nəqliyyat xidmətlərində maraqlıdırlar".

Baş katib vurğulayıb ki, iqtisadiyyat özünü nəqliyyat bağlantıları olmadan təsəvvür edə bilmiəz, bizim assosiasiyamız logistika, təchizat zəncirinin qurulması ilə məşğuldur və ölkələr arasında nəqliyyat əlaqələrini yaradır: "SPECA bölgəsi bizim üçün çox maraqlıdır. Bu gün 11 ölkə haqqında danışırıq, amma onlardan hazırda 2 ölkə -Azərbaycan və Qazaxıstan bu dəhlizdə fəal iştirak edir. Buna baxmayaraq bütün region ölkələri ilə yük daşımaları üzrə əməkdaşlıq edirik. Bütün ölkələr üçün şərait yaratmışıq ki, məhsullarının daşınmasını təmin edək".