ASCO iritutumlu konteyner gəmilərin sifarişini nəzərdən keçirir

İnfrastruktur
  • 05 mart, 2025
  • 16:34
ASCO iritutumlu konteyner gəmilərin sifarişini nəzərdən keçirir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC Xəzər regionunda müşahidə edilən konteynerləşmə tendensiyası kontekstində 530 TEU götürmək imkanına malik iki ədəd konteyner gəmisinin sifarişini nəzərdən keçirir.

Bunu “Report”a ASCO-nun İdarə Heyətinin sədr müavini Tariyel Mirzəyev “Orta dəhliz: Xəzər dənizi vasitəsilə bağlantı” mövzusunda keçirilən dəyirmi masanın kuluarlarında deyib.

"Gələcəkdə konteyner həcmi artarsa, 1000 TEU götürmək qabiliyyətinə malik gəmilərin tikintisi də optimal variant olaraq düşünülür", - QSC-dən bildiriblər.

Onun sözlərinə görə, son 10 ildə şirkət donanmanın yenilənməsi proqramı çərçivəsində 32 gəmi istismara verib. Hazırda Bakı Gəmiqayırma Zavodunda daha 11 gəminin tikintisi davam etdirilir.

"Bu gün ASCO-nun donanmasında iki ədəd “RoPax” tipli unikal gəmi-bərə mövcuddur, bu tip əlavə bir gəminin tikintisi isə davam etdirilir. Bundan əlavə, 1-2 tam blok konteyner qatarını parçalanmadan tam yükləməyə imkan verən daha böyük gəmi-bərələrin alınması layihəsinə də baxılır”, - T.Mirzəyev qeyd edib.

Sədr müavini hər iki göyərtəyə eyni anda yükləmə imkanı olan bərələrin alınması layihəsi ilə bağlı da planların olduğunu açıqlayıb. Bu tip bərə-gəmilərin istismara verilməsi imkanlarının öyrənilməsi məqsədilə hazırda Qazaxıstanın "Kazmortransflot", "Caspian Integrated Maritime Solutions" (CIMS) şirkəti və “AD Ports Group" kimi tərəfdaşlarla müvafiq işlər həyata keçirilir. Artıq layihənin texniki-iqtisadi qiymətləndirilməsinin aparılması üçün prosesə məsləhətçi da cəlb olunub.

T.Mirzəyev həmçinin liman əməliyyatlarında vaxt normativlərinə riayət edilməsinin vacibliyini vurğulayıb, çünki bu amil yük axınının səmərəliliyinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, bu prosesin həyata keçirilmə sürəti daşınan təkərli texnikanın (vaqonlar, avtomobil nəqliyyatı) həcmini müəyyən edir, belə ki, 5-6 saat ərzində 120 min vahidədək, 8-10 saat ərzində 90 min vahidədək, 12 saat və daha çox müddətdə isə 70 min vahiddən çox olmayan nəqliyyat vasitələrini daşımaq mümkündür.

Bu təşəbbüslər Transxəzər marşrutunun rəqabət qabiliyyətinin artırılmasına və Orta Dəhlizin inkişafına yönəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti